Konstitusiyanın müddəalarına əməl olunması – Azərbaycan xalqının rifahının və mühafizəsinin qarantıdır.

Noyabr ayı – Azərbaycanda ümummilli və dövlət bayramları ilə zəngin bir aydır. Biz üç gün əvvəl, noyabrın 9-da Azərbaycanın Dövlət Bayrağı Günü bayramını böyük təntənə ilə qeyd etdik. Təkcə doğma Azərbaycanda deyil, soydaşlarımızın yaşadığı digər ölkələrdə də bizim sevimli üçrəngli milli bayrağımıza həsr edilmiş tədbirlər planı böyük vüsətlə həyata keçirildi. Bu gün isə, 12 noyabr bizim üçün heç də az əhəmiyyəti olmayan əlamətdar hadisələrdən biri – Azərbaycan Konstitusiyası Günüdür. Vətəndaşlarımızın gələcəyi və onların həyat keyfiyyəti məhz bizim Azərbaycanın Əsas qanununa hörmətlə yanaşmağımızdan və onun müddəalarına riayət etməyimizdən asılıdır.

Mən əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyası hər birimizin əsas stolüstü kitabı olmalıdır. Ölkəmizin və vətəndaşlarımızın rifahı, rahatlıq və təhlükəsizlik səviyyəsi bizim  hamımızın Azərbaycan Konstitusiyasının müddəalarını və qəbul edilmiş bütün qanunvericilik aktlarını nə dərəcədə dəqiq yerinə yetirməyimizdən asılıdır. Ölkənin Əsas qanunu və onunla bağlı hüquqi müddəalar ən güclü və nəhəng hüquqi maşına bənzəyir ki, onu düzgün və savadlı şəkildə idarə etməyi də bacarmaq lazımdır. Axı, biz nə qədər çox qanuna rəayət edəriksə, bir o qədər də bu maşının mexanizmləri səmərəli işləyər. Analiz etsək,  görərik  ki, bütün korrupsiya faktları, xəzinə oğurluğu, iqtisadi və ictimai-siyasi böhran, dövlət hakimiyyətinin zəifləməsi, ictimai nəzarətin gücdən düşməsi bizim Konstitusiyanın əsas qanunlarına və onun hüquqi müddəalarına olan laqeyd münasibətimizdən irəli gəlir. Qanunun aliliynə rəayət edən ölkələrdə,  ictimai-siyasi sabitlik və iqtisadi çiçəklənmə zəfər çalır.

12 noyabr, 1995-ci ildə ümumxalq referendumu yolu qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası öz məzmununa görə digər dövlətlərin konstitusiyalarından, o cümlədən, postsovet respublikaları ilə müqayisədə həyat səviyyəsi qat-qat yüksək olan inkişaf etmiş Qərb ölkələrinin əsas qanunlarından heç də geri qalmır. Bir milyondan artıq soydaşımız yaxşı həyat və yüksək maaş məqsədilə Avropa İttifaqı ölkələrinə miqrasiya ediblər. Orada ictimai-siyasi sabitlik və iqtisadi tərəqqi məhz bu ölkələrin vətəndaşlarının qanuna rəayət etməsi sayəsində əldə edilmişdir. Sürətlə inkişaf edən dünya ölkələrinin təcrübəsi göstərir ki, yüksək həyat səviyyəsi, insanların rifahı, onların təhlükəsizliyi, hüquq və mənafelərinin qorunması, bilavasitə həmin ölkə vətəndaşlarının Konstitusiyanın müddəalarına hörmətlə yanaşmasından və Əsas Qanundan irəli gələn hüquqi mexanizmlərə riayət edilməsindən asılıdır.

Əgər Azərbaycan Konstitusiyasını açıb oxusaq, görərik ki, o ən demokratik, humanist və milli  Konstitusiyadır. Azərbaycan Respublikası Konstitusiyasının 1-ci fəsil,1-ci  maddəsində göstərilir ki,  “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi- Azərbaycan xalqıdır” ki, “Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir”. 1-ci maddənin 2-ci bəndində deyilir ki, “sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur”. 1-ci maddənin 3-cü bəndində göstərilir ki, “Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendum yolu ilə həll edə bilər”. 5-ci maddədə deyilir: “Azərbaycan xalqının vahidliyi, Azərbaycan Dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir”.

Ali hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycanın bütün ərazilərində qanunun aliliyini və onun birbaşa qüvvəsini əsas tutaraq, milliyyətindən, dinindən, irqindən,  dilindən, əqidəsindən, siyasi baxışlarından asılı olmayaraq, hər kəsə hüquq və azadlıqların bərabərliyinin təminatını verir,  vətəndaşlara rifah, ədalət, azadlıq, təhlükəsizlik, demokratik quruluş, humanist vətəndaş cəmiyyəti, xalqın azad iradəsi, hüquqi dünyavi dövlət qurmaq zəmanətini verir, ədalətli iqtisadi və sosial qaydalara uyğun, ümumbəşəri dəyərlərə sadiq qalaraq, öz vətəndaşlarına layiqli həyat səviyyəsini təmin edir.

Xatırladım ki, Respublikamızın 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul etdiyi indiki Konstitusiyası, Azərbaycan dövlətinin müstəqillik əldə etdikdən sonra qəbul edilmiş ilk Konstitusiyasıdır. Ötən 21 il ərzində Respublikamızın Əsas qanunu  ona edilmiş dəyişikliklər və əlavələr vasitəsi ilə daha da təkmilləşdirilmişdir. Belə ki, 2002-ci il avqustun 24-də ümumxalq səsverməsi (referendum) yolu ilə müstəqil Azərbaycan dövlətinin Konstitusiyasına ilk dəyişiklik edilib, 2009-cu il martın 18-də keçirilən referendumda Konstitusiyanın 29 maddəsinə düzəlişlər qəbul edilib, 2016-ci il sentyabrın 26-da isə ümumxalq səsverməsi nəticəsində, demək olar ki, otuza yaxın düzəlişlər 2009-ci ilin Konstitusiyasına qəbul edilib. Bu dəyişikliklər Azərbaycan Konstitusiyasını dünyanın aparıcı ölkələrinin Əsas qanunları ilə bir sırada qoymağa imkan verib.

Azərbaycanın hər bir vətəndaşı ölkəmizin Konstitusiyasına riayət və hörmət etməli, o cümlədən, Azərbaycan Respublikasının müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyub saxlamağı bacarmalıdır. Mən əminəm ki, biz Azərbaycan Konstitusiyasının tələblərinə, onunla bağlı bütün normativ hüquqi aktlara riayət və hörmət etməklə, əsl demokratik, güclü və iqtisadi cəhətdən çiçəklənən müstəqil Azərbaycan dövləti qura bilərik. Taleyimiz öz əlimizdədir. Biz vahid yumruq şəklində birləşib, Respublikamızın qanunlarına əməl etməklə, müstəqil Azərbaycan dövlətinin  gücünü və sərvətini artıra  bilərik.

Füzuli Məmməd oğlu Məmmədov
“Dünya Azərbaycanlıları İttifaqının” prezidenti,
“Dünya Azərbaycan Mədəniyyət Fondunun” prezidenti,
“Avropa Azərbaycan Konqresinin” birinci vitse-prezidenti.