Lənkəranda Çay, Çəltik, Sitrus Festivalı keçirilib

Noyabrın 24-də Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə üçüncü Çay, Çəltik, Sitrus Festivalı keçirilib.

Trend-in məlumatına görə, festivalda Prezident Administrasiyası və Milli Məclisin əməkdaşları, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Kənd Təsərrüfatı Nazirliyinin və ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, habelə görkəmli elm xadimləri, qonaqlar iştirak ediblər.

Parkın giriş hissəsində, simvolik Qala Darvazasının önündə Festivalın açılış mərasimi keçirilib.

Əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Milli Məclisin Komitə sədri Hadı Rəcəbli lənkəranlıları və qonaqları festivalın keçirilməsi münasibətilə təbrik edərək ötən bir il ərzində rayonda çayçılıq, çəltikçilik və sitrusçuluq sahəsində qazanılmış uğurlardan danışıblar.

Sonra festival iştirakçıları parkın ərazisində quraşdırılmış müxtəlif çadır-pavilyonlarda, 100-ə yaxın stend və sərgi tumbasında çay, çəltik, sitrus meyvələrindən hazırlanmış müxtəlif kompozisiyalarla, milli mətbəx, el sənətkarlığı nümunələri ilə tanış olublar.

Azərbaycanın dövlət atributları və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bəzədilən parkda “Çayımızın dadı var”, “Süfrələrin bəzəyi-Lənkəranın düyüsü”, “Sitrus bağlarının möcüzəsi”, “Gözəlliyi damla-damla topladıq”, “Qonaq evin ruzi-bərəkətini artırar”, “Lənkəranın şirnisi – ağız dadımız”, “Cənnət görmək istəyən Lənkərana gəlsin” və digər pavilyonlar quraşdırılıb.

Vitrinlərdə isə Lənkəranda istehsal olunan çay, çəltik, sitrus, digər növ ərzaq və sənaye məhsulları, xalq sənətkarlığı nümunələri nümayiş etdirilib, yerli müəssisələr, fermerlər, turizm obyektləri tərəfindən iştirakçılar üçün təbii çay və müxtəlif şirniyyatlardan, çərəzlərdən ibarət çay dəsgahı təşkil olunub.

Festival iştirakçılarına rayonun ən bacarıqlı və təcrübəli aşpazlarının yüksək keyfiyyətli yerli düyü sortları olan “Haşimi”, “Sədri”, “Apolla” “Campo” və sair düyülərindən bişirdikləri 50 növdən çox plov, eyni zamanda, Lənkəran mətbəxinin məşhur ləvəngisindən hazırlanmış xörəklər və müxtəlif çeşidli kabablar təqdim edilib.

Tədbirdə çayçılıqda, çəltikçilikdə və sitrusçuluqda uğur qazanmış əmək adamlarının bir qrupuna fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

Qonaqlar rayonda istehsal olunan pürrəngi çayın, limonun, narınginin, portağalın, Lənkəran düyüsündən hazırlanmış müxtəlif təamların dadına baxıblar.

Gün boyu davam edən festivalda rayonun bədii özfəaliyyət kollektivləri maraqlı proqramla çıxış edib, gənclərin və idmançıların iştirakı ilə intellektual-əyləncəli proqramlar nümayiş etdirilib.