MSK Fərəc Quliyevə xəbərdarlıq edib

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən icasında 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə namizədliyi qeydə alınmış Mehman Hüseynov, Etibar Əliyev və Orxan Kəngərlinin həmin dairədən qeydə alınmış digər namizəd Fərəc Quliyev ilə bağlı şikayətinə baxılıb.

Trend-in məlumatına görə, şikayətdə bildirilib ki, F.Quliyev öz namizədliyini geri çəkmək üçün M.Hüseynova 15 min manat pul təklif edib. F.Quiyev isə bu iddianın əsassız olduğunu bəyan edib.

Qeydə alınmış namizəd Quliyev Fərəc İbrahim oğluna xəbərdarlıq edilməsi məsələsi müzakirəyə çıxarılıb və ona xəbərdarlıq edilməsi barədə qərar qəbul olunub.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, seçkilər günü 31 saylı Suraxanı ikinci seçki dairəsi ciddi nəzarətdə saxlanılacaq.