Mübariz Qurbanlı: “Beşinci kolon” deyilən adamlar Azərbaycan xalqı tərəfindən birmənalı şəkildə rədd edilir

Xaricdə olan və sosial şəbəkə vasitəsilə Azərbaycan haqqında dedi-qodu, şər-böhtan yağdıran adamların hərəkətləri xalqımız tərəfindən böyük nifrətlə qarşılanır.

Bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Mübariz Qurbanlı deyib.

Komitə sədri vurğulayıb ki, Azərbaycanda görülən işlər əleyhinə xaricdən kimlərsə məlumatlar yayaraq bununla ölkəmizdə qarşıdurma yaratmaq, çaxnaşma salmaq, xof yaratmaq məqsədi daşıyırlarsa, buna nail ola bilməyəcəklər:

“Çünki Azərbaycan xalqı bu cür şəxslərə qarşı həqiqi mənada öz nifrətini ifadə edib. Əgər xəstəliklə bağlı bir məsələ ortadadırsa, burada Azərbaycan xalqının ümummilli marağı ən öndə duran məsələdir. Belə bir vəziyyətdə ölkədə xof yaratmağa çalışmaq, şayiələrlə sabitliyə ziyan gətirmək cəhdləri heç kim tərəfindən qəbul edilə bilməz və qəbul edilməyəcək.

“Beşinci kolon” ümummilli maraqları satmış şəxslərdir. Hesab edirəm ki, onların antimilli cəhdləri heç bir nəticə verməyəcək. Necə ki, ötən illər ərzində Azərbaycanda müxtəlif hadisələrdən sui-istifadəyə cəhd edərək ondan bir nəticə əldə edə bilməyiblərdə, koronavirusla mübarizə məsələsində də bu cür adamlar heç bir nəticə əldə edə bilməyəcəklər”.

M.Qurbanlı əlavə edib ki, “Beşinci kolon” deyilən adamlar Azərbaycan xalqı tərəfindən birmənalı şəkildə rədd edilir və rədd ediləcəklər”.