Müqəddəs doğma azərbaycan torpağı xalqımızın bütün əzablarını və ağrılarını hiss edir

Cari 2016 cı ilin bütün yayı və payızın ilk iki ayı Azərbaycanda anomal hava şəraiti müşahidə edildi. Azərbaycan təbiəti gah qızmar iyul və avqust aylarında istilərə məruz qaldı, gah da payızın ortasında qəfil temperatur azalması nəticəsində soyuq hava ilə üzləşdi. Oktyabrın ortalarından Azərbaycanın şimal rayonlarında, xüsusilə dağətəyi və dağlıq ərazilərində gecələr hətta şaxtalı hava müşahidə olunur – havanın temperaturu -3 – 4 dərəcəyə qədər enir və yağış öz yerini güclü qar yağıntılarına verir. Belə yüngül şaxtalı hava şəraiti adətən respublikamızın şimal rayonlarında qışın ilk ayı – dekabr üçün xarakterikdir.

Bundan başqa, bu ilin sentyabr və oktyabr aylarında anomal yağışlı havalar keçdi. Gözlənilməz yağışlar səbəbindən dəfələrlə Bakının bəzi küçələrini və Azərbaycanın müxtəlif bölgələrində bir sıra yaşayış məntəqələrini su basdı. Fasiləsiz şiddətli yağışlara görə Bakının bəzi yerlərində, o cümlədən Abşeron rayonunda sürüşmələr baş verdi. Sinoptiklərin proqnozları isə tutqundur: anomal havalar Azərbaycanda davam edəcək. Bu o deməkdir ki, doğma azərbaycan torpağı canlı orqanizm kimi ‘’bədən hərarətini’’ qəfil dəyişdirirərək qızdırmadan titrəməyə və uşaqcasına ‘’yağışlarla’’ ağlamağa davam edəcək.

Doğma Azərbaycandakı anomal havaları həyəcanla müşahidə edərkən, uşaqlıqda dəfələrlə böyüklərimin ağzından eşitdiyim və gündəliyimə yazdığım sözləri xatırladım: ‘’Təbiətdə heç bir şey elə belə baş vermir. O torpaqla və orda yaşayan insanlarla əlaqədar baş verən hər şeyə reaksiya verir. Bizim doğma azərbaycan torpağı müqəddəsdir və çox həssasdır. O Azərbaycan xalqının bütün əzablarını və ağrılarını hiss edir və onları öz daxilindən keçirir, hər birimizin çətinliklərimizə görə narahatlıq keçirir. Əgər bizə ağrılıdırsa, o zaman doğma torpaqlarımıza da ağrılıdır. Əgər xalqımız çətinliklərlə üz-üzədirsə, doğma torpaqlarımıza daha da  çətindir. Buna görə də hiddətlənə və qəzəblənə bilir. Biz isə onun səsini eşitməsək, o zaman o çarəsizlikdən uşaq kimi ağlaya və göz yaşları tökə bilər, o göz yaşları isə qəzəbli daşqınlara çevrilərək doğma azərbaycan torpaqlarında tikdiyimiz və yetişdirdiyimiz hər şeyi suya qərq edə bilər. Bu səbəbdən doğma azərbaycan torpaqlarını qoruyun, onu tərk etməyin və onun üzərində xoşbəxt yaşayın. Xalqımız xoşbəxt olarsa, bizim müqəddəs azərbaycan torpaqları da xoşbəxt olacaq.

Mən növbəti anomal havalar barədə məlumat oxuyanda və videomateriallara baxanda, bir daha əcdadlarımın müdrikliyinə və uzaqgörənliyinə məəttəl qalıram. Axı onların hər bir ifadəsində bütöv bir fəlsəfə var. Məhz buna görə son illərdə Azərbaycanda iqlimdə baş verənləri əcdadlarımın yuxarıda xatırlatdığım sözləri ilə izah etməyə cəsarət edirəm. Əgər əcdadlarımızın ‘’doğma torpaqlarınızı tərk etməyin’’ sözlərini dərk etsək, o zaman ‘’nə üçün cari yay fəsli və payız bu dərəcədə narahat keçdi?’’ sualına cavab taparıq. Azərbaycanın əksər rayonlarında iyun ayı çox soyuq və yağışlı keçdi, iyul və avqustda isə çox yorucu istilərdən əhali, xüsusilə də şəhər əhalisi əziyyət çəkdi. Son 20 ildə iqtisadi çətinliklər və işsizlik ucbatından azərbaycan bölgələrindən çox sayda vətəndaşlarımız öz doğma el-obalarını ataraq şəhərlərdə məskunlaşıblar, bir çoxları isə qazanc və rahat həyat axtarışı ilə ümumiyyətlə doğma respublikanı tərk ediblər.

Bir çox həmvətənimiz, xüsusilə rayonlardan olanlar öz doğma ata evlərini müvəqqəti tərk etdiklərini hesab etsələrdə, qürbətdə birdəfəlik qalmalı olacaqlarını düşünmədilər. Bunun nəticəsində ölkəmizin ucqar kəndlərindəki və şəhərlərindəki bir çox evlər atılmış və kimsəsizliyə məhkum edilmişdir. Artıq illərdir ki, əksər həyətlərin darvazalarında və əksər evlərin qapılarında büyük kilidlər asılıb və çoxdandır ki, onları heç kim açmır. Artıq illərdir ki, atılmış bağlarımızdakı ağaclardan meyvələri heç kim toplamır, heç kim atılmış həyətlərin darvazalarını rəngləmir, dam örtüklərini və fasadını təmir etmir. Nəticədə atılmış bağlarımızdakı yığılmamış meyvələr çürüyür və təhqir olaraq torpağa geri qayıdır, atılmış evlərimizin darvazaları solğunlaşır və onlarda paslı göz yaşlarının izləri görünür, kimsəsiz evlərimizin damları 100 yaşlı qocaların əyilmiş qamətinə bənzəyir, atılmış evlərimizin fasadları isə 100 yaşlı ixtiyar qarının üzündəki qırışları xatırladır.

Bizim atılmış darvazalarımız, bağlarımız, həyətlərimiz, evlərimiz və mənzillərimiz səbrsizliklə öz doğma sahiblərinin dönməsini gözləyirlər, üzümüzə açılmaq üçün, bizə öz barını vermək üçün, çiçəkləmək və bizi öz isti ağuşuna almaq üçün. Amma, biz orda yenə də yoxuq ki, yoxuq. Nəticədə bizə ‘’doğma azərbaycan torpaqlarını qorumağı, atmamağı və orada xoşbəxt yaşamağı’’ vəsiyyət etmiş əcdadlarımızın evləri bizim dönməyimizi görmədən nostalgiya ilə ağrıyır və doğmalarının və yaxınlarının qayğısına möhtac olan köməksiz, solğun və xəstə ixtiyarlara çevrilirlər.

Əcdadlarımın ‘’doğma azərbaycan torpaqlarını qoruyun’’ ifadəsindəki digər böyük məna isə bizə kömək edir ki, bu ’’təbiət şıltaqlığının’’ başqa bir səbəbini Qarabağ ağrısında axtaraq. Təqribən 1/4 əsrdir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş 20% torpağı azad olunmağını gözləyir. Son 15-20 ildə ən müasir silah növləri və döyüş texnikası ilə təchiz olunmuş güclü azərbaycan ordusunun yarandığını görən müqəddəs torpaqlarımız sevindi. Torpaqlarımız səbrsizliklə erməni işğalçılarından tam azad olunmasını və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını gözləyir. ‘’Dörd günlük’’ aprel müharibəsi göstərdi ki, azərbaycan ordusu Cənubi Qafqazda ən güclü ordudur. Lakin, aprelin əvvəlində ordumuz erməni təxribatına layiqli cavab verməyə və Ermənistan tərəfindən işğal edilmiş azərbaycan torpaqlarını azad etməyə başlayanda, dünya və region dövlətləri Azərbaycan hakimiyyətinə güclü təzyiq göstərdilər və ordumuzu hərbi əməliyyatları dayandırmağa və Ermənistanla atəşkəsi bərpa etməyə məcbur etdilər. Dünya ictimaiyyəti yenidən Qarabağ probleminin sülh yolu ilə həllinə kömək edəcəklərini vəd etdilər.

Buna baxmayaraq ötən 7 ayda dünya ictimaiyyəti, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT in Minsk qrupu münaqişənin həlli üçün heç bir konkret addım atmadılar. Hələki biz real addımlara əsaslanmayan boş danışıqlar və vədlər görürük.

Bununla yanaşı, elə ki, Rusiyanın köməyi ilə Ermənsitanı Azərbaycanla müharibədə qaçılmaz məğlubiyyətdən xilas etdilər, Yerevan yenidən Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üzrə danışıqlar prosesini uzatmağa başladı. Azərbaycanın sülh çağırışlarına Ermənistan müharibə hədə-qorxusu ilə cavab verir, müntəzəm olaraq işğal olunmuş Ağdam və Fizuli rayonlarında azərbaycan və ermənistan ordularının təmas xəttinin yaxınlığında təxribat xarakterli hərbi təlimlər keçirir. Gözlərimizin önündə erməni işğalçıları azərbaycan torpaqlarında tez-tez yanğınlar törədirlər. Nəticədə münaqişənin həllinin ilkin mərhələsində Azərbaycana qaytarılmalı olan Azərbaycanın 5 rayonu (Ağdam, Fizuli, Cəbrayıl, Qubadlı və Zəngilan) yanmış torpaqlara çevrilib.  Bu azərbaycan torpaqlarında xarabalıqlar qalıb, Ağdam şəhəri isə ruhlar şəhərinə çevrilib. Azərbaycanlıların yaşadığı Azərbaycanın işğal olunmuş digər rayonları – Kəlbəcər, Laçın və Şuşada, həmçinin Dağlıq Qarabağın rayonlarında Ermənistandan olan ermənilər məskunlaşıblar. Hətta bu azərbaycan ərazilərində Suriyadan qaçan erməni qaçqınları da yerləşdirilir.

Amma, Azərbaycan işğal olunmuş ərazilərini azad etmək üçün hərbi əməliyyatları bərpa edə bilməz, çünki Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT in Minsk qrupunun həmsədr ölkələri atəşin dərhal dayandırılmasını və münaqişənin dinc yolla həllini tələb edirlər. Azərbaycan qonşuları – Rusiya və İranın, həmçinin Ermənistana açıq şəkildə simpatiya duyan xristian Qərb ölkələrinin iradəsinə əks hərəkət edə bilmir. Ümumilikdə götürdükdə bütün bu ölkələrin insan və iqtisadi resursları, həmçinin hərbi potensialı mübaliğəsiz Azərbaycanınkindən 100 dəfə çoxdur. Biz bütün dünyanın yarısı ilə döyüşə bilmərik. Belə bir müharibəyə nə gücümüz çatar, nə də ki, resursumuz. Eyni zamanda azərbaycan-ermənistan münaqişəsinə digər xarici ölkələrin köməyi və müdaxiləsi olmasa, azərbaycan ordusu bir neçə həftə ərzində Azərbaycanın bütün işğal olunmuş 20% torpaqlarını azad etmək gücünə qadirdir.

Lakin, aşkar Qərb-Rusiya qarşıdurması şəraitində Azərbaycan regionda Rusiyanın, Qərbin, Avropa İttifaqının və ABŞ ın maraqlar balansını qorumalıdır ki, ölkəmizin ərazisi dünya dövlətlərinin maraqlarının toqquşduğu arenaya çevrilməsin. Buna görə də Azərbaycan istər hərbi yolla, istərsə də dinc yolla qarabağ probleminin həlli zamanı onların reaksiyalarını görmək və maraqlarını nəzərə almaq məqsədilə bir gözü ilə Rusiyaya, digər gözü ilə Qərbə baxmalıdır.  Azərbaycan regionda Rusiyanın və Qərbin maraqlarını gözardı etsə yaxud bu gərgin rəqabət aparan tərəflərdən birinin maraqlarını dəstəkləsə, Ukraynanın qəmli taleyini təkrarlaya bilər.  Məhz xarici faktorlar azərbaycan ordusuna işğal olunmuş azərbaycan ərazilərini azad etməyə və Azərbaycanın qarabağ yarasını sağaltmağa imkan vermir.

Xarici faktorlar, həmçinin insanlar arasında münasibətlərin ‘’maddiləşməsinə’’ gətirib çıxaran bazar iqtisadiyyatı adlanan anlayışın sərt reallıqları əcdadlarımızın digər vəsiyyətini  – ‘’doğma azərbaycan torpaqlarnda xoşbəxt yaşamaq’’ vəsiyyətini də həyata keçirtməyə mane olur. Dünya maliyyə böhranı və neftin qiymətinin kəskin düşməsi neft ixrac edən ölkələrdə, o cümlədən Rusiya və Azərbaycanda əhalinin sosial-iqtisadi vəziyyətinin pisləşməsinə səbəb oldu. Bunun nəticəsində isə eyni zamanda həm Azərbaycan əhalisinin gəlirləri, həm də xaricdəki həmvətənlərimizin doğma respublikaya göndərdikləri pul vəsaitərinin həcmi kəskin azaldı. Misal üçün, 2014 cü ildə 2 milyon azərbaycanlının yaşadığı və çalışdığı Rusiyadan həmvətənlərimiz Azərbaycana 1.3 milyard dollar göndərmişdilər. Lakin, neft qiymətlərinin kəskin azalması və Qərbin anti-rusiya sanksiyaları nəticəsində Rusiyada yaranan iqtisadi böhrana görə 2015 ci ildə həmvətənlərimizin Rusiyadan Azərbaycana göndərdikləri pul vəsaitlərini 2 dəfə azalaraq 650 milyon dollara düşmüşdür. Gözlənilir ki, bu ildə bu rəqəm daha da azalacaqdır. Beləliklə də ölkəmizə neftin qiymətlərinin düşməsi və miqrant pullarının kəskin azalması nəticəsində ikiqat zərbə dəydi ki, bu da özünü respublika əhalisinin sosial-iqtisadi vəziyyətində olduqca neqativ şəkildə göstərdi.

Çox böyük təəssüflə qeyd edirəm ki, sosial-iqtisadi vəziyyətin pisləşməsi insanlar arasındakı münasibətlərin də korlanmasına səbəb olur. Acgözlük, həyasızlıq və zənginliyə pərəstiş həyat normasına çevrilir və cəmiyyətimizdə tədricən insan taleyinə, insanların əzablarına laqeydlik adi hal alır. Yekunda iqtsadi həyatın çıxılmazlığına sürüklənən bəzi həmvətənlərimiz intihara cəhd edir, ailə münaqişələrinin sayı durmadan artır, kiçik səbəblərdən dolayı insanlar arasında mübahisələr və davalar gündəlik həyatın tərkib hissəsinə çevrilir.

Mən hər gün diqqətlə çoxlu azərbaycan saytlarını oxuyuram, doğma Azərbaycana və harda yaşamalarından və yerləşmələrindən asılı olmayaraq bütün həmvətənlərimə görə narahatlıq keçirirəm. Demək olar ki, hər gün hansısa Azərbaycan şəhərində və kəndində 16-18 yaşlarında yeniyetmələrin intihar etməsi, ər-arvad münaqişələrinin amansız qətllərlə yekunlaşdırdığı ailə dramları, insanların bir-birini amansızlıqla qətl etməsi barədə xəbərləri oxumaq  mənə çox ağırdır. Bütün bu ürəkağrıdıcı halları təhlil edəndə aydın olur ki, demək olar ki, bu intiharların və münaqişələrin 95% i ailənin maliyyə-iqtisadi vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədardır.

Cəmiyyətimiz qonşularının və tanışlarının dərdlərinə biganə qala bilir, başqalarının dərd çəkməsinə alışır, amma doğma azərbaycan torpaqları bununla barışa bilmir. Onun üçün bizim hamımız eyni cür doğmayıq. Əcdadlarımın dediyi kimi ‘’əgər bizə ağrılıdırsa, doğma torpağımıza da ağrılıdır’’. Həm də doğma azərbaycan torpağı sosial statusundan və iqtisadi durumundan asılı olmayaraq bizim hər birimizin dərdi və əzabları üçün ağrıyır. Öz dəbdəbəli həyatını cəmiyyətə göstərən bizim bir çox ürəksiz zənginlərimizdən fərqli olaraq, çörəyə pul tapa bilməyən bəzi həmvətənlərimizin olduğu şəraitdə doğma azərbaycan torpağını bizim hər birimizin taleyi narahat edir.

Yoxsulluq və çarəsizlik ucbatından həyatına qəsd edən yeniyetməni qəbul etmək və bağrına basmaq, balaca uşaqları yetim qoyan və onları potensial yeniyetmə-intiharçıya çevirən ailə münaqişələrinə baxmaq bizim müqəddəs azərbaycan torpaqlarına çox ağırdır. Axı iqtisadi böhran şəraitində hətta valideynli uşaqlara da çox çətindir. Yetim uşaqlara isə bu şəriatdə olduqca çətindir və onlar üçün həyat öz gözəlliyini itirir, ağ və qara rənglərə çevrilir.

Müqəddəs azərbaycan torpağına qarabağ ağrısını çəkmək çox çətindir. Yadelli işğalçıların ayaqları altında qalan torpaqlarımız azad olunmağı gözləyir. İşğal olunmuş torpaqlarımızın ağrısı çox çətin vəziyyətdə qalan həmvətənlərimizin ağrısı ilə qarışanda doğma azərbaycan torpağımız çox ağrıyır və onun xəstə ‘’bədəni’’ qızdırmalı şəkildə gah isti püskürür, gah soyuq üfürür, müalicəsiz, diqqətsiz və qayğısız qalanda isə həssas doğma torpağımız uşaq kimi ağlamağa başlayır. Son 2 ayda Azərbaycanda müşahidə etdiyimiz dağıdıcı daşqınlara səbəb olan həmin anomal yağışlar məhz doğma azərbaycan torpaqlarının göz yaşlarıdır. Bu göz yaşları qəzəbli daşqınlara dönərək şəhərlərimizin və kəndlərimizin küçələrindən axır. Buna görə də artıq doğma azərbaycan torpaqlarının göz yaşlarını silmək və dərhal onun ‘’müalicəsi’’ ilə məşğul olmaq, onun ‘’xəstəliyinə’’ səbəb olan problemləri həll etmək vaxtıdır. Nə zaman ki, doğma azərbaycan torpağının yaralarını ‘’sağaldacağıq’’ və ona lazımi şəkildə qulluq edəcəyik, o zaman Azərbaycan təbiəti də bizə xeyirxahlıqla cavab verəcəkdir.

Fizuli Məmməd oğlu Məmmədov
Beynəlxalq ictimai birliklər ittifaqı “Dünya Azərbaycanlıları İttifaqı” nın prezidenti,
”Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” Beynəlxalq İctimai Fondunun Əlaqələndirmə Şurasının sədri