Naxçıvan Muxtar Respublikasının yaradılmasından 95 il ötür

Fevralın 9-u Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 ili tamam olur.

Azunion.org xəbər verir ki, 1924-cü il fevralın 9-da Naxçıvan muxtariyyət statusu alıb.

Muxtariyyət statusu Rusiya ilə Türkiyə arasında 1921-ci ildə bağlanılan Moskva müqaviləsi ilə, daha sonra isə Türkiyə ilə Cənubi Qafqaz  respublikaları arasında imzalanan Qars müqaviləsi ilə rəsmiləşdirilib.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya ilə Naxçıvan Muxtar Respublikasına Azərbaycanın tərkibində muxtar dövlət statusu verilib.

Muxtar Respublikası inzibati cəhətdən 7 rayon və Naxçıvan şəhər inzibati ərazi dairəsindən ibarətdir. Naxçıvanda 5-i şəhər (Naxçıvan, Ordubad, Culfa, Şərur və Şahbuz), 8-i şəhər tipli qəsəbə, 206-sı kənd olmaqla ümumilikdə 219 yaşayış məntəqəsi yerləşir. Muxtar Respublikanın inzibati mərkəzi qədim Naxçıvan şəhəridir.

Naxçıvan əhalisinin sayı 450 mindən çoxdur.