Nazirlik bal idxalına qadağa qoyulması ilə bağlı təklifi araşdırır

Kənd Təsərrüfatı Nazirliyi ölkədə balın idxalına qadağa qoyulması ilə bağlı təklifi araşdırır.

Trend-in məlumatına görə, bunu Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib.

Nazir müavini vurğulayıb ki, əlaqədar qurumlarla birgə bu istiqamətdə ciddi araşdırmalar aparılır.

Xatırladaq ki, Azərbaycan Arıçılar Assosiasiyası ölkəyə balın idxalını qadağan edilməsi ilə bağlı təkliflə çıxış edib.

Nazir müavini arıçılıq işində gələcək məqsədlərdən də danışıb. Bildirib ki, məhsuldarlığın artımında bir neçə məqsəd var: “Bal məhsuldarlığının artırılması məqsədi ilə bizim qarşımızda bir neçə ciddi vəzifələr dayanıb. Burada ən vaciblərindən biri, Azərbaycanın brend arıçılıq cinsləri “Bozdağ”, “Qafqaz” cinsi və “Sarı” arı “Qafqaz” cinsinin tam təmizliyinə nail olmaqdır. Bu cins genetik məhsuldarlığın artımında önəmli bir rol oynayır. İkinci məsələ isə arıçılığın yem təminatının yaxşılaşdırılmasıdır”.