Prezident İlham Əliyev Rusiyanın Qaraçay-Çərkəz Respublikasının başçısını qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev fevralın 1-də Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Raşid Temrezovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azunion.org AZƏRTAC-a istindən xəbər verir ki, dövlət başçısı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, iki ölkə prezidentləri arasında yüksək səviyyədə qarşılıqlı etimadın mövcud olduğunu bildirib və bunun əlaqələrimizin genişlənməsində xüsusi rol oynadığını deyib.

Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycan Rusiyanın ayrı-ayrı regionları, o cümlədən ümumi tarixi-mədəni dəyərlərə mailik olduğumuz Şimali Qafqaz regionu və eləcə də Qaraçay-Çərkəz Respublikası ilə sıx əməkdaşlığının həyata keçirilməsinin Azərbaycan-Rusiya münasibətlərinin inkişafına töhfə verdiyini deyib. Dövlət başçısı Azərbaycan ilə Rusiyanın müxtəlif regionları arasında əlaqələrin uğurlu inkişafında ötən il iki ölkə prezidentlərinin iştirakı ilə Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumunun önəmini qeyd edib. Prezident İlham Əliyev Raşid Temrezovun ölkəmizə səfərinin səmərəli və uğurlu keçəcəyinə əminliyi ifadə edib.

Azərbaycan prezidenti ilə görüşdən böyük məmnunluq duyduqlarını deyən Qaraçay-Çərkəz Respublikasının başçısı Raşid Temrezov Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin inkişafında regionlararası qarşılıqlı fəaliyyətin rolunu qeyd edərək, bu gün Bakıda biznes nümayəndələri arasında keçiriləcək görüşün əhəmiyyətini vurğulayıb. O bildirib ki, Rusiyanın Qaraçay-Çərkəz regionu ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın həyata keçirilməsi üçün qarşılıqlı maraq mövcuddur və bunun üçün yaxşı imkanlar var. Raşid Temrezov mədəni və humanitar əlaqələrin də yüksək səviyyədə olduğunu bildirərək, bunun münasibətlərimizin inkişafına öz töhfəsini verdiyini vurğulayıb.