Prezident “SAP SE” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 22-də Davosda “SAP SE” şirkətinin baş icraçı direktoru Bill Makdermot ilə görüşüb.

Azunion.org prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Bill Makdermot müəllifi olduğu kitabı dövlət başçısına təqdim edib.

Söhbət zamanı Bill Makdermot Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu vurğulayıb və son illər prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların və ölkəmizin inkişaf proqramlarının onlarda böyük maraq oyatdığını bildirib. Şirkətin artıq Bakıda ofis açdığını deyən Bill Makdermot prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin reallaşdırılmasında və rəqəmsal iqtisadiyyatın formalaşmasında “SAP SE” şirkətinin dəstək verməyə hazır olduğunu ifadə edib. Qeyd edib ki, şirkət həm dövlət sektorunda, həm də özəl sektorda rəqəmsal iqtisadiyyatın, ümumiyyətlə, rəqəmsallaşmanın inkişafına töhfə verə bilər. Azərbaycan dövlətinin başçısının həyata keçirdiyi iqtisadi siyasət onlarda bu inamı yaradır.

Bill Makdermot vurğulayıb ki, Azərbaycan iqtisadiyyatındakı mövcud sabitlik və ölkənin maliyyə dayanıqlılığının güclənməsi rəqəmsal iqtisadiyyatın inkişafı üçün geniş zəmin yaradır. Eyni zamanda, rəqəmsal iqtisadiyyat böyük sürətlə iş yerlərinin artmasına imkan verir. Şirkətin baş icraçı direktoru xüsusi vurğulayıb ki, rəqəmsal iqtisadiyyatın inkişafı gender bərabərliyinin təmin olunmasına da töhfə verə bilər.

Prezident İlham Əliyev “SAP SE” şirkəti ilə əməkdaşlıqdan məmnunluğunu bildirib. Dövlət başçısı qeyd edib ki, şirkətin Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığı ölkəmizdə iqtisadiyyatın inkişafına, şəffaflığın artmasına, yeni iş yerlərinin yaradılmasına töhfə verib. Prezident İlham Əliyev bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin önəmini vurğulayıb.