Prezident yeni “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 10-da Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi, döyüş texnikası və silah-sursatla tanış olub.

Azunion.org-un xəbərinə görə, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevə raport verib.

Sonra Elçin Quliyev görülən işlər barədə məlumat verib.

Dövlət başçısına “Savalan” tipli müasir sərhəd gözətçi gəmisinin layihəsi, həmçinin “Milli Boat” proqramı çərçivəsində yeni itisürətli üzmə vasitələri, yedək gəmiləri təqdim olunub.

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin tikintisini əks etdirən videoçarxa baxıb, onların texniki göstəriciləri ilə tanış olub.

Sonra Prezident İlham Əliyevə yeni xüsusi təyinatlı döyüş texnikası və silah-sursat, pilotsuz uçan aparatlar, tank əleyhinə idarə olunan raketlər, lazer hədəf tuşlama sistemləri, termal müşahidə cihazları təqdim olunub. Bu döyüş texnikası və silah-sursat dünyanın ən aparıcı ölkələrinin məhsullarıdır.

Prezident İlham Əliyevə mobil qida maşınlarının istehsalı, sərhəd gözətçi katerlərin təmiri üçün nəzərdə tutulmuş texnika nümayiş olunub. Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində xidmətin istifadəsində olan üzmə vasitələrinin, o cümlədən gəmilərin inşası və təmirini yüksək səviyyədə aparmaq üçün müasir qurğular quraşdırılıb. Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində hərbi və mülki təyinatlı müxtəlif məhsulların istehsalı və təmiri nəzərdə tutulub.

Dövlət başçısına, dövlət sərhədlərinin mühafizəsində yeni tətbiq olunan səhra qərargahları, səhra yataqxanaları və sərhədçilərin səhra məişət xidmətləri barədə məlumat verilib.