RAİ prezidenti Fizuli Məmmədov soydaşlarımızı 18 Oktyabr münasibətilə təbrik edib

Rusiya Azərbaycanlıları İttifaqının, Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədov 18 Oktyabr Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası münasibətilə soydaşlarımızı təbrik edib.

Təbrikdə deyilir:

“Əziz Soydaşlarım! Hər bir xalq üçün dövlət müstəqilliyi günü onun tarixinin mühüm hadisəsi sayılır. Məhz bu tarixi hadisə ilə xalqın milli ruhu və onun milli maraqlarına cavab verən dövlətin quruculuq işlərinə başlanılır. Müstəqil milli dövlət olmadan xalqın milli dəyərləri əsasında mövcudluğu və inkişaf etməsi olduqca keşməkeşli olur.

Azərbaycan xalqı hər bir xalqın arzuladığı mühüm hadisəni hadisəni 18 oktyabr 1991 ci ildə Azərbaycanın Ali Şurasının Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqda Konstitusiya aktını qəbul etməsilə yaşamış oldu. Qəbul edilmiş bu sənədə əsasən Azərbaycan 1918 ci il mayın 28 də qurulmuş və cəmisi 1 il 11 ay mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi hesab edilir.

Təəssüf ki, müstəqillik günü hələ də iş günü hesab olunur. Amma, xalqımız üçün böyük önəm kəsb edən bu tarixi günə, biz xüsusi diqqət, sevgi və hörmətlə yanaşırıq.

Müstəqillik Günü xalqımızı müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağı altında birləşməyə ruhlandıran daha bir bayram hadisəsidir. Birlik xalqımız üçün, xüsusən də çoxmilyonlu diasporumuz üçün çox vacib əhəmiyyət kəsb edir. Biz yalnız birlik və həmrəyliyə nail olmaqla xalıqmızın bir çox problemlərini həll edə bilərik. Ən vacib missiyamızsa işğal olunmuş torpaqlarımızın azadlığıdır.

Dünyadakı bütün soydaşlarımızı səmimi qəlbdən Azərbaycan Respublikasının Müstəqillik Günü münasibəti ilə təbrik edirəm. Hamınıza möhkəm can sağlığı, xoşbəxt həyat, mehribanlıq, ailə səadəti və uğurlar arzulayıram. Qoy həmişə ömür boyu sizdə ruh yüksəkliyi, hörmət və məhəbbət olsun.

Doğma Azərbaycanıma öz dövlətçiliyini daha da möhkəmləndirməyi, ərazi bütövlüyünü bərpa etməyi, sabit və iqtisadi inkişaf arzulayıram”.

Musavat.com