Regional təhlükəsizlik məsələlərində və regional nəqliyyat layihələrinin həyata keçirilməsində müstəqil və güclü Azərbaycan dövləti ilə Rusiya strateji müttəfiq olmağa məhkumdurlar

Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Роуhаниnin Bakıya səfəri və Azərbaycan Prezidenti İlham Əliyevin də yaxından iştirakı ilə birgə keçirdikləri üçtərəfli görüş onu göstərdi ki, regional və qlobal təhlükəsizlik  məsələlərində, o cümlədən, əməkdaşlıq sahəsində Azərbaycanın reqionda nüfuzu əhəmiyyəti dərəcədə artır. Türk hərbçiləri tərəfindən Су-24 Rusiya hərbi  təyyarəsinin vurulmasından sonra Rusiya və Türkiyə arasında yaranan savaş nəticəsində bu iki dövlətin münasibətlərinin korlanmasından Azərbaycan da bərk narahatçılıq keçirdi. Məhz, Azərbaycanın regionda lider kimi artan təsiri və nüfuzu nəticəsində, bu iki dövlətin barışmasında Azərbaycan çox önəmli bir rol oynadı. O zaman bir çox başabəla siyasi ekspertlər “qabaqcadan” Rusiya və Türkiyə arasında müharibənin olacağından xəbər verirdilər.

Ancaq, bir neçə ay bundan əvvəl, mən verdiyim müsahibələrin birində Rusiya və Türkiyə arasında münasibətlərin tezliklə normallaşması proqnozunu vermişdim. Zaman göstərdi ki, mən öz fikrimdə haqlı idim.  Rusiya-Türkiyə münasibətlərinin tezliklə normallaşmasında mənim inamım onunla əsaslanırdı ki, Azərbaycan dövlətinə İlham Əliyev kimi müdrik bir lider rəhbərlik edir. O, regionda gərginliyin aradan qaldırılması, qarşıya çıxan bütün regional münaqişələr və problemlərin yalnız sülh yolu ilə həllinə çalışır və bununla da Azərbaycanı, ona qonşu olan  ölkələr arasında, möhkəm sülh, sabitlik və regional əməkdaşlıq zonasına çevirə bilib. Bir tərəfdən Rusiya və Qərb arasındakı qarşıdurma, digər tərəfdən isə, Rusiya və İran qarşıdurması şəraitində, İlham Əliyevin apardığı  müdrik diplomatiyası sayəsində, Azərbaycan, sözün əsl mənasında, regionda ozünün müstəqil və neytral siyasətini aparmağa nail ola bilib.

Prezident İlham Əliyevin apardığı çoxşaxəli müdrik xarici siyasəti öz bəhrəsini verməyə başlayıb: Hindistandan başlayaraq Rusiyaya, Şərqi və Şimali Avropanın ərazisindən Azərbaycana keçən və ərazi boyu uzunluğu 7000 kilometr olan dəmir yolunun tikintisini nəzərdə tutan “Şimal-Cənub” adlı transmilli layihənin tikintisi və istismarı uğurla həyata keçirilir. Bu nəqliyyat layihəsinin reallaşdırılması regional təhlükəsizliyi möhkəmləndirməklə yanaşı, həm də Azərbaycana 4 milyard dollardan artıq gəlir gətirəcək. Beləliklə, regional enerji və nəqliyyat layihələrinin reallaşdırılmasında, Azərbaycanın regionda əvəzedilməz rolu özünü göstərir.

Mərkəzi Asiyadan Avropaya gedən neft və qaz kəmərlərinin əksəriyyəti, o cümlədən, Avropa ilə Asiyanı,   Hind-Çin regionu ölkələri ilə Rusiyanı və Avropanın şimal və mərkəzi-şərqi ölkələrini birləşdirən bir çox nəqliyyat magistralları məhz Azərbaycanın ərazisindən keçir. Bu da gələcəkdə dünya arenasında Azərbaycanın səsinin ilbəil daha da artıb, möhkəm və inamla səslənəcəyindən xəbər verir.

Yuxarıda deyilən fikirlərin fonunda mən Rusiya-Azərbaycan münasibətləri haqqında ayrıca danışmaq istərdim. 90-ci illərdə baş verən iki Çeçen müharibəsi, Yaxın Şərqdə qeyri-sabit və münaqişəli vəziyyət onu göstərir ki, regional təhlükəsizlik məsələlərində müstəqil, güclü Azərbaycan dövləti ilə bizə dost ölkə hesab edilən Rusiya  strateji müttəfiq olmağa məhkumdurlar. Axı, Rusiyanın Şimali Qafqaz bölgəsində təhlükəsizlik və sabitliyi Azərbaycanda olan sabit vəziyyətdən də xeyli dərəcədə asılıdır. Əgər Azərbaycanda sabitlik və möhkəm sülh olarsa, deməli, Şimali Qafqazda da sülh və sabitliyin təmin olunması realdır. Müvafiq olaraq, Azərbaycanda sülh və sabitlik Rusiyanın Şimali Qafqazda olan vəziyyətindən də xeyli dərəcədə asılıdır. Əgər Şimali Qafqazda silahlı dini radikallar və separatçı qruplaşmalar peyda olarsa, onda nəinki Rusiyanın bu regionda sabitliyi pozular, qonşu Azərbaycanda  da vəziyyətin mürəkkəbləşməsinə gətirib çıxarda bilər. 90-ci illərdə, iki Çeçen müharibələri zamanı, Azərbaycanın Xüsusi xidmət orqanları və sərhədçiləri ölkə ərazisindən Şimali Qafqaza silah və muzdluların keçməməsini çox ciddi şəkildə izləyir və nəzarət edirdi. Məhz Azərbaycanın Rusiyaya yardımı və dəstəyi sayəsində Şimali Qafqazda silahlı separatşı və ekstremist dəstələri məğlub etmək mümkün oldu.

Bu gün də Azərbaycandan Şimali Qafqaz və Rusiyanın digər regionlarına radikal qüvvələrin keçməməsi üşün, Azərbaycan tərəfi vəziyyəti həmişə ciddi nəzarətdə saxlayır və çox diqqətlə izləyir. Çünki, Bakıda yaxşı başa düşürlər ki, Moskva Şimali Qafqazda təsir və nəzarətini zəiflədərsə, onda müxtəlif silahlı radikallar baş qaldırar, bu da  qonşu Azərbaycanda olan stabil vəziyyəti partlada biləcək dərəcəyə sala bilər. Yəni, Şimali Qafqazda təhlükəsizlik və stabitlik məsələlərində, Bakının ən kişik diqqətsizliyi belə, bumeranq olaraq, Azərbaycanın özünə zərbə vura bilər.

Nəzərə alsaq ki, İranda 30 milyondan çox Azərbaycanlı yaşayır, onda İran İslam Respublikasındakı sabitlik bir çox hallarda Azərbaycandakı vəziyyətdən və onun rəhbərliyinin apardığı uğurlu siyasətdən asılıdır.  Ona görə də, İran rəhbərliyi Azərbaycanla dostluq və müttəfiqlik münasibətləri qurmağa çalışır. Bundan əlavə, Rusiya ilə İran arasında hər hansı bir məsələ üzrə münasibətlər qəflətən pozula bilər, necə ki, belə hal, Rusiya-Türkiyə münasibətlərində tamamilə gözlənilmədən baş verdi. Türkiyə və Rusiyanı barışdıran Azərbaycan, Rusiya-İran münasibətləri qəfil pisləşərsə, onun normallaşması üçün də çalışacaqdır.

Bütün bu yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olar ki, Rusiya rəhbərliyi zaman keçdikcə Azərbaycanın bütün regionda apardığı  uğurlu strateji siyasətini, o cümlədən, Rusiyanın Şimali Qafqaz regionunda sabitliyi baxımından,  ölkəmizin vacib rolunu dərindən dərk edərək, qiymətləndirəcək və müvafiq nəticələr çıxardacaq. Bu da, öz növbəsində, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllində özünün müsbət təsirini göstərə bilər. Azərbaycanın regionda əhəmiyyəti və gücü artdıqca, Rusiya rəhbərliyi cəhdlər edərək, Ermənistan rəhbərlərinə təzyiqlər edə bilər ki, onlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə razılaşsınlar və işğal olunmuş Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini çıxartsınlar.

***

Füzuli Məmməd oğlu Məmmədov

Beynəlxalq İctimai Birliklər İttifaqı “Dünya Azərbaycanlıları İttifaqı”nın prezidenti, “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” Beynəlxalq İctimai Fondunun Əlaqələndirmə Şurasının sədri