RF-nın Dövlət Dumasına seçkilər: Azərbaycanlılar Rusiyanın sabitliyinə və onun tərəqqisinə səs verəcəklər

Növbəti bazar günü, sentyabrın 18-də, Rusiya parlamentinin aşağı palatasına – Dövlət Dumasına seçkilər keçiriləcək.  Biz  Azərbaycanlılar üçün bu seçkilər çox önəmlidir. Çünki, Rusiya Azərbaycan üçün dost və qardaş ölkə hesab edilir. Bundan başqa, Rusiyada təxminən 2 milyon Azərbaycanlı yaşayır və işləyir. Ona görə də, Rusiyada baş verən bütün mühüm hadisələri  Azərbaycanlılar çox diqqətlə izləyir. Biz istəyirik ki, parlament seçkilərindən sonra Rusiyada sülh, əmin-amanlıq və ictimai-siyasi sabitlik pozulmasın.

Vladimir Putin Rusiya prezidenti vəzifəsinə qayıtdıqdan sonra son dörd ildə, Rusiya-Azərbaycan münasibətlərində xüsusi istilik və səmimilik müşahidə olunmağa başladı. 2014-ci ildən başlayaraq, məlum Ukrayna hadisələri ilə bağlı Qərbin RF-na qarşı yeritdiyi antirusiya sanksiyalarının tətbiqindən sonra Rusiya ilə Azərbaycan arasında əlaqələr daha da genişləndi. Bu iki qonşu dövlət bir-birini “dost və qardaş ölkə”, “strateji tərəfdaş və müttəfiq” adlandırmağa başladı. Bu, onunla bağlıdır ki, Azərbaycan bir dəfə də olsun Qərbin Rusiyaya qarşı yeritdiyi antirusiya sanksiyalarının heç birini dəstəkləməyib. Rusiya ilə Qərb arasında münasibətlərin pisləşməsindən sonra, Moskva və Bakı öz aralarında iqtisadi-ticarət əlaqələrini genişləndimiş, regional təhlükəsizlik məsələlərində daha fəal və sıx əməkdaşlıq etməyə başlamışdılar. Nəticədə bu gün tam səmimiyyətlə demək olar ki, Rusiya və Azərbaycan rəhbərlərinin bir-birilərinə qarşı etdikləri bütün bəyanatlar qarşılıqlı hörmət və ehtiram xarakteri daşıyır.

Ancaq, Rusiyada bir çoxları ölkələrimiz arasında olan dostluq və müttəfiqlik münasibətlərinin mahiyyətini və səbəblərini anlamırlar. Belə anlaşılmazlıq hallarının sübutu kimi bir misal çəkmək istəyirəm. Yadınızdadırsa, “Eurovision” mahnı müsabiqəsinin sonuncu finalında Azərbaycanın münsiflər heyəti rusiyalı iştirakçı Sergey Лазаревa maksimum 12 bal verdi. Ertəsi gün rusiyanın tanınmış və fəal FB sosial şəbəkə istifadəçilərindən biri,  öz səhifəsində yazdı ki, “Rusiyanın bütün qonşuları içərisində təkcə Azərbaycan rusiya iştirakçısına ən yüksək bal verib”.”Bakının bu mövqeyi, – FB istifadəçisi fikrinə davam edərək yazır, – onunla bağlıdır ki, Azərbaycan Qarabağ münaqişəsinin həllində Rusiyadan çox asılıdır”.

Amma, Rusiya ilə Azərbaycan arasındakı münasibətlərə verilən belə qiymət çox səthi və tamamilə subyektiv xarakter daşıyır. Bəli, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20%-nin işğalı nəticəsində yaranmış və indiyədək həllini tapmamış Ermənistan-Azərbaycan hərbi münaqişəsi, bu gün də Rusiya-Azərbaycan münasibətlərinə təsir edən əsas və vacib məsələlərdən biri olaraq qalır. Lakin, Qarabağ problemi Rusiya ilə Azərbaycan arasında münasibətlərin mahiyyətini və gedişini müəyyənləşdirən həlledici və əsas amil deyil. Bakıda yaxşı başa düşürlər ki, Rusiyanın böyük istəyi olsa da belə, Moskva bir anda Qarabağ münaqişəsini həll edə bilməz, üstəlik, Azərbaycanın xeyrinə.  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan-Azərbaycan münasibətləri artıq çoxdan Rusiyanın tam nəzarətindən çıxıb. Bu gün Cənubi Qafqazda vəziyyətlə bağlı, o cümlədən, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair  Rusiyadan başqa, ABŞ və Avropa birliyi güclü təsir göstərir. Vaxtıilə bəzi ekspertlərin dedikləri: “Qarabağ probleminin həllinin açarı Kremlin əlindədir” – ifadəsi artıq çoxdan öz aktuallığını itirib və köhnəlmiş ifadə hesab edilir. Rusiya bu gün Qarabağ məsələsinin tezliklə və sülh yolu ilə həll olunmasına maksimum dərəcədə çalışır, ona görə ki, Ermənistan-Azərbaycan arasında hərbi münaqişənin güclənməsi Cənubi Qafqazda sabitliyi pozar, vəziyyəti partlada biləcək dərəcəsinə qədər gətirib çıxara bilər.

Bu gün Rusiya öz cənub sərhədlərində daha bir “qaynar nöqtənin” meydana gəlməsinə yol verməmək üçün, Cənubi Qafqazda hərbi-siyasi sabitliyin qorunmasında, bəlkə də, heç vaxt olmadığı kimi, maraqlıdır.  Xüsusi qeyd etmək lazımdır ki, Cənubi Qafqazda sabitliyin qorunub saxlanılmasında Azərbaycanın da marağı böyükdür və Azərbaycan rəhbərliyi, ilk növbədə, Qarabağ məsələsini sülh yolu ilə həll etməyə çalışır. Amma, bu heç də o demək deyil ki, Azərbaycan Qarabağ münaqişəsində status-kvonun saxlanılması ilə barışmaq niyyətindədir. Postsovet məkanında ən köhnəlmiş millətlərarası münaqişə hesab edilən Qarabağ münaqişəsini “ölü nöqtədən” tərpətmək üçün Azərbaycan dəfələrlə bu münaqişənin hərbi yolla həllinə cəhdlər göstərib.

Qarabağ münaqişəsinin həll olunmaması Ermənistanın özünü təcrid edərək, qonşu dövlətlərlə regional əməkdaşlığa maneçilik törədir. Yeni Ermənistan-Azərbaycan hərbi münaqişəsinin yaranmasına yol verməmək üçün, Ermənistan, ilk növbədə, özü məntiqə uyğun hərəkət edərək, Qarabağ probleminin tezliklə sülh yolu ilə həllində maraqlı olmalıdır. Amma, təəssüf ki, Ermənistan rəhbərliyinin Azərbaycan barəsində bir çox qərarlarını normal məntiqlə izah etmək mümkün deyil.

İndi mən yenidən Rusiya-Azərbaycan münasibətlərinə qayıtmaq istəyirəm. Diqqətlə təhlil etsək, görərik ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin məzmununa, perspektiv və saxlanılmasına dörd əsas amil təsir edir.

Birinci amil – iqtisadi amildir. Rusiya və Azərbaycan iqtisadiyyatları bir-biri ilə sıx bağlıdır, son üç ildə ölkələrimiz ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində inadla çalışır. Azərbaycan, əslində, keçmiş sovet respublikaları içəırisində yeganə ölkədir ki, Rusiya ilə onun iqtisadi əlaqələri çox sərfəlidir.

Dünya iqtisadi böhranına qədər Rusiya-Azərbaycan ticarət münasibətləri artaraq, 2014-ci ildə pik səviyyəsinə çatmışdır. İki ölkə arasında mal dövriyyəsinin 75%-i Rusiyanın Azərbaycana ixracı təşkil edib. Özü də Azərbaycan Rusiyadan xammal məhsulları deyil, hazır məhsullar almaqla, Rusiya iqtisadiyyatının bütün sahələrinin inkişafını stimullaşdırır. Hətta, Azərbaycan manatının devalvasiyasından sonra Bakı Azərbaycandan Rusiyaya göndərilən məhsulların həcmini artırmağa çalışır. Bu gün məhz Rusiyanın istehlak bazarı Azərbaycanda məhsul istehsalçılarının inkişafı üçün əsas stimul ola bilər.

Rusiya-Azərbaycan münasibətlərinə təsir edən ikinci amil – humanitar məsələlərdir. Bu gün Rusiyada təxminən 2 milyon azərbaycanlı yaşayır. Onların bir çoxu burada öz bizneslərini açıblar. Bu insanlar Rusiyada qazandıqları pulun böyük hissəsini Azərbaycandakı öz qohumlarına  göndərirlər. Buna görə də, Rusiya iqtisadiyyatında baş verə biləcək istənilən böhranlı hallar, Azərbaycanda yaşayan soydaşlarımızın maddi durumuna avtomatik təsir göstərir. Dünyada neft qiymətlərinin kəskin aşağı düşməsi və Ukrayna böhranının başlanması  səbəbindən Rusiya iqtisadiyyatı ağır böhrana büründü, bunun nəticəsində bizim soydaşlarımız tərəfindən Rusiyadan Azərbaycana göndərilən maliyyə vəsaitlərinin həcmi iki dəfə azadı. Bütün bunlar ondan xəbər verir ki, güclü və iqtisadi cəhətdən çiçəklənən Rusiya Azərbaycanlıların marağı dairəsindədir.

Üçüncü amil – regional təhlükəsizlik məsələsi ilə bağlıdır. Rusiyanın Şimali Qafqazdakı vəziyyəti, Azərbaycanın ictimai-siyasi vəziyyətinə güclü təsir göstərir. Əgər Rusiya zəifləyərək Şimali Qafqaz üzərində nəzarəti itirərsə, onda bu bölgə “ikinci Əfqanıstana” çevrilə bilər. Bu, Şimali Qafqazın etnik tərkibinin rəngarəng olması ilə bağlıdır. Yerli ekspertlərin qiymətləndirmələrinə görə, təkcə Dağıstanın özündə sayı 28-dən 33-dək müxtəlif yerli xalqların dilləri mövcuddur. Əslində Dağıstanda otuza yaxın etnik qruplar yaşayır ki, onlardan, ən azı, 7-8-i  öz müstəqil dövlətlərini yaratmaq istəyində ola bilərlər. Əgər Dağıstan xalqları öz müstəqil milli dövlətlərini yaratmaq istəsə, onda bu dövlətlərin daxilində onlarla, bəlkə də yüzlərlə anklavlar yarana bilər ki, bu da, məsələn, Dağıstanın özündə 300 km məsafəni qət etmək üçün onlarla dövlət sərhədini keçmək zərurəti yarada bilər. Çünki, onların yaşadıqları ərazinin coğrafi şəraiti buna səbəb ola bilər. Belə vəziyyət Dağıstanı xaos zonasına çevirə bilər. Buna görə də, Dağıstanın yalnız indiki vahid inzibati quruluşu formasında Rusiya Federasiyasının tərkibində əmin-amanlıq şəraitində yaşaması zərurudir. Əks halda, bu region yalnız vahid dini ideologiya altında birləşə bilər ki, bu da yalnız islam dini ola bilər, çünki, Dağıstan əhalisinin 90% -i müsəlmandır. Amma təəssüflər olsun ki, bu gün müsəlmanları yalnız islam bayrağı altında gizlənən silahlı radikallar birləşdirmək istəyir. Əgər Dağıstanda hakimiyyət silahlı radikal islamçıların əlinə keçərsə, onda bu, Azərbaycanda vəziyyətin kəskin şəkildə dəyişməsinə və reqionda qeyri-sabitliyə gətirib çıxara bilər. Buna görə də, Azərbaycanlılar Rusiyanın ərazi bütövlüyünü dəstəkləməklə, əslində, doğma Azərbaycanın ərazi bütövlüyünü və sabitliyini dəstəkləyir.

Nəhayət, ən başlıca amil olan dördüncü amil, Azərbaycanlıların Rusiyaya olan münasibətini müəyyənləşdirən amil – tarixin kədərli təcrübəsi.

Əgər bizim birgə tariximizin son 115 ilinə nəzər salsaq, görərik ki, bu müddətdə baş verən inqilablar, kəskin dəyişikliklər, Rusiya imperiyasının dağılması və digər hadisələr ən çox Azərbaycanlılara ziyan gətirib və hamıdan çox bizlər  əziyyət çəkmişik.

Məsələn, 1905-ci ildə Rusiya imperiyasında baş verən inqilab zamanı ermənilərlə azərbaycanlılar arasında qanlı toqquşmalar baş verdi. “Daşnaksütyun” partiyasını təmsil edən erməni millətçiləri Rusiya imperiyasında Mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edərək, İrəvan quberniyasının müsəlman əhalisinin (azərbaycan) əsl soyqırımı törətdilər və yüz min Azərbaycanlı öz tarixi Azərbaycan torpaqlarından  qovuldu. Azərbaycanlıların ikinci kütləvi soyqırımı 1917-1918-ci illərdə Rusiya imperiyasının dağılması nəticəsində baş verdi. Bu dəfə erməni millətçiləri təkcə Qərbi Azərbaycanda deyil, indiki Ermənistan Respublikası ərazisində, həm də Azərbaycanın özündə azəbaycanlılara qarşı qirğınlar törətdilər. Təkcə 1918-ci ilin martında Bakıda və Azərbaycanın şimal-şərq bölgələrində erməni millətçiləri tərəfindən  300 mindən çox Azərbaycanlı məhv edilib. İrəvan quberniyasının müsəlman əhalisinin üçdə ikisindən çoxu öldürülüb, ya da 1905-ci ildən 1920-ci ilədək tədricən qovularaq, repressiyaya məruz qalaraq, qaçqına çevrilib.

Azərbaycanlılar növbəti zərbəni Qorbaçovun “yenidənqurma” siyasəti zamanı aldılar. Erməni millətçiləri 1988-ci ildə “yenidənqurma”nın ən qızğın vaxtında, Rusiya (Sovet) imperiyasında Mərkəzi hakimiyyətin zəifləməsindən yenə də istifadə edərək, Dağlıq Qarabağ Muxtar vilayətinin Azərbaycanın tərkibindən ayırıb Ermənistanın tərkibinə verilməsini tələb etdilər. Vaxtılə Leninin tapşırığı əsasında bizim tarixi Azərbaycan torpaqlarında yaradılmış Ermənistan SSR-nin ərazisindən kütləvi şəkildə Azərbaycanlıların zorla qovulması prosesi başlandı. 1991-ci ildə SSRİ-nin süqutundan altı ay sonra, yəni 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərində dəhşətli soyqırım aktı törətdilər. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000-dən çox adam (minlərlə)  yaralanıb və gələcəkdə əlil olublar. Ölənlər arasında 106 nəfər qadın, 63 nəfər azyaşlı uşaq, 70 nəfər qoca var idi. Bu faciə zamanı 8 ailə tamamilə məhv edilib, 25 uşaq valideynlərinin hər ikisini, 130 uşaq isə valideynlərindən birini itirib. Dinc Xocalı şəhərinə gecə hücum nəticəsində 1275 nəfər əsir götürülüb, onlardan 150 nəfərin taleyi indiyədək məlum deyil. Araşdırmalar zamanı sübut olunub ki, Xocalı soyqırımında Xocalı şəhərinin yaxınlığında yerləşən SSRİ Müdafiə Nazirliyinin tabeliyində olan 366-cı motoatıcı alayının 18 hərbi qulluqçusu, Daxili İşlər orqanlarının 8 əməkdaşı fəal iştirak edib. Həmin hərbçilərin arasında təkcə erməni millətinin nümayəndələri deyil, həm də erməni millətçilərinin təsiri altında olan (pul xatirinə onlara qoşulan) ruslar, ukraynalılar da olub.

Belə faciə yaxın gələcəkdə də təkrarlana bilər. Cünki, bu gün  Moskva Ermənistan ərazisində Rusiya-Ermənistan qoşunlarının birgə dəstəsini yaradır, orada ən müasir silah növləri və hərbi texnika yerləşdirir. Ən dəhşətlisi odur ki, bu gün Ermənistan ərazisində yerləşən Rusiyanın bütün hərbi arsenalı bu qruplaşmanın sərəncamında olacaq. Əgər, Allah eləməmiş, Rusiyada Mərkəzi hakimiyyət yenidən zəifləyərsə, güclü və vahid Rusiya dövlətçiliyi öz həyat qabilliyyətini itirərsə, onda Mərkəzi hakimiyyət Rusiya-Ermənistan birgə qoşunlarının qruplaşması üzərində hərbi nəzarəti tam itirə bilər. Bundan istifadə edən erməni millətçiləri Ermənistan ərazisində yerləşən Rusiyanın bütün hərbi arsenalını mənimsəyərək, onları birbaşa Azərbaycana qarşı istifadə edə bilər ki, bu da ölkəmiz üçün böyük fəlakətli nəticələrə gətirib çıxara bilər. Buna görə də, Rusiyada səs hüququna malik olan Azərbaycanlılar RF-nın Dövlət Dumasına keşirilən seçkilərdə öz səslərini yalnız Rusiyada ictimai-siyasi sabitliyi təmin edə bilən, Rusiya iqtisadiyyatının tərəqqisinə çalışan, bizə dost olan Rusiya əhalisinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq istəyən layiqli namizədlərin lehinə səs verməlidir. Çünki, düzgün seçim gələcəkdə Rusiya dövlətçiliyinin zəifləməsinə gətirib çıxara bilən istənilən faktorların vaxtında qarşısını almaqda kömək ola bilər.

Azərbaycanlılar Rusiyanı güclü, sabit və çiçəklənən dövlət kimi görmək istəyirlər. Tarixin son 100 ili onu göstərir ki, bizə qardaş və dost olan Rusiyada vəziyyət yaxşıdırsa, Azərbaycanda da yaxşıdır, Rusiyada vəziyyət pisləşərsə, deməli, Azərbaycanda da vəziyyət pisliyə doğru gedir. Ona görə də, mən, Rusiya Federasiyasında Azərbaycan diasporasının rəhbərlərindən biri kimi, bizə qardaş və dost olan Rusiya dövlətinə sülh, əmin-amanlıq, sabitlik və iqtisadi tərəqqi arzulayıram.

Fizuli Məmməd oğlu Məmmədov
Beynəlxalq ictimai birliklər ittifaqı “Dünya Azərbaycanlıları İttifaqı” nın prezidenti,
”Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” Beynəlxalq İctimai Fondunun Əlaqələndirmə Şurasının sədri