Rusiya azərbaycanlıları İttifaqının mərkəzi apparatı Sankt Peterburqa səfər edib

Rusiya azərbaycanlıları İttifaqının Prezidenti Fizuli Məmmədov və Təşkilatın mərkəzi apparatının Rusiyanın şimal-qərb regionlarına səfəri davam edir. Nümayəndə heyətinin növbəti silsilə tədbirləri Sankt – Peterburq şəhərində təşkil edilib.

Təşkilat nümayəndələri ilk olaraq Leninqradın blokadası ilə bağlı tarixi yerləri ziyarət edib, Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsini yad ediblər.

Nümayəndə heyəti Sankt Peterburqda yaşayan azərbayanlılarla bərabər Peterburq yaxınlığındakı Nizino kəndində qardaş məzarlığında torpağa tapşırılmış, ölümündən sonra Lenin ordeninə layiq görülmüş təyyarəçi, leytenant Hüseynbala Əliyevin məzarına əklil və gül dəstələri gətirib.

Rusiya Azərbaycanlıları İttifaqının Prezidenti Fizuli Məmmədov Leninqrad səmasında qeyri-bərabər döyüşdə düşmən təyyarələrini öz həyatı hesabına məhv etmiş Hüseynbala Əliyevin məzarının bərpası və həmin ərazidəki abadlıq işlərini öz üzərinə götürməyə hazır olduğunu bildirib.

Səfər proqramına əsasən Leninqrad blokadası qurbanlarına Peskayov məzarlığında ucaldılmış abidə də ziyarət edilib, onun önünə əklil və gül dəstələri qoyulub. Bu məzarlığın ərazisindəki “Azərbaycanlı blokada qurbanları” xatirə lövhəsi də diqqətdən kənarda qalmayıb.

Rusiyanın şimal payataxtına səfər etmiş qonaqlar milli lider Heydər Əliyevin Qoroxov küçəsi 6 ünvanında yerləşən lövhəsinə də gül dəstələri gətiriblər. Qeyd edək ki, bu ünvanda 20 ci əsrin 40-50 ci illərində Dövlət Təhlükəsiliyi Nazirliyinin ali məktəbi fəaliyyət göstərmiş və 1949 – 50 ci illərdə Heydər Əliyev burda təhsil almışdır.

Səfər çərçivəsində Peterburqun Azərbaycan icmasının fəalları ilə görüş təşkil edilib. İclas formatında keçən tədbirin iştirakçıları arasında Rusiya Azərbaycanlıları İttifaqının Prezidenti Fizuli Məmmədovun gənc nəslin hərbi vətənpərvərlik tərbiyyəsi üzrə müşaviri, ehtiyatda olan general mayor Bağır Fətullayev, Təşkilatın Leninqrad vilayəti üzrə təmsilçisi, Sankt Peterburqun bələdiyyə şurasının deputatı Sabir Məsimov da olub. Baş mövzu olaraq diasporun gündəmi, mühüm problemlər və onların həlli yolları müzakirə edilib. Tədbir iştirakçıları Rusiya azərbaycanlıları İttifaqına dəstək verdiklərini demiş və birliyin məhz sözügedən təşkilat ətrafında mümkünlüyünü əsaslandırmışlar. Çıxışlarda Fizuli Məmmədovun diasporumuz qarşısındakı xidmətləri xüsusi vurğulanmışdır.

Daha sonra Rusiya Azərbaycanlıları İttifaqı adından Peterburqdakı “Bakı” Azərbaycan mətbəxi mərkəzində Müstəqillik Günü münasibətilə ziyafət təşkil edilmişdir.

Hörmətlə, Rusiya azərbaycanlıları İttifaqının mətbuat xidməti