Rusiya XİN: Moskva və Bakı strateji tərəfdaşlıq əlaqələri qurur

“Rusiya və Azərbaycan bərabərlik, mehriban qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq əlaqələri qurur”.

Azunion.org xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bu ölkənin xarici işlər naziri Sergey Lavrovun Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) dövlətləri Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Bakıya səfəri ilə bağlı məlumatında bildirilib.

“Ticari-iqtisadi və regionlararası əməkdaşlıq aktiv şəkildə inkişaf edir. Bizə miras qalan ümumi dil, təhsil və mədəniyyət məkanı üstünlük təşkil etməklə humanitar sahə Rusiya-Azərbaycan əməkdaşlığının mühüm tərkib hissəsi olaraq qalır”, – XİN-in məlumatında vurğulanıb.

Bununla yanaşı, qeyd olunub ki, səfər zamanı S.Lavrovun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi, eləcə də azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşü planlaşdırılır. Tərəflər ikitərəfli əməkdaşlığın əsas aspektlərini, regional və beynəlxalq gündəlikdəki məsələləri müzakirə etmək niyyətindədirlər.