Rüsum sıfırlandı – Azərbaycanda benzinin qiyməti dəyişəcək?

Ekspert: “Adətən, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təmir işləri zamanı benzin istehsalı azalır və ölkəyə gətirilən benzin gömrük rüsumundan azad edilir ki, qiymətə təsir etməsin”

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərarında dəyişiklik edib.

Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə görə, Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin 95-dən az oktan ədədi ilə avtomobil benzini gömrük rüsumundan azad edilib, yəni gömrük rüsumu 15%-dən 0%-ə endirilib. Bu qərar 2019-cu il 1 sentyabr tarixindən tətbiq olunacaq və 90 gün müddətində qüvvədə qalacaq.

Nazirlər Kabinetinin digər qərarı ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə də dəyişiklik edilib. Qərara əsasən, sentyabrın 1-dən 90 gün müddətində tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə və tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə mühərrik benzinləri (aviasiya benzinləri istisna olmaqla) üçün aksiz dərəcəsi 1 ton üçün 200 manatdan 1 manata endirilib.

İqtisadçı-ekspert Azər Mehdiyev Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda sürücülərin böyük əksəriyyətinin istifadə etdiyi “Aİ-92” markalı benzin ölkəmizdə istehsal olunur və ona görə də buna gömrük rüsumu tətbiq olunurdu: “Adətən, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təmir işləri zamanı benzin istehsalı azalır. Ölkəyə gətirilən avtomobil benzinləri ona görə gömrük rüsumundan azad edilir ki, ölkə daxilində qiymətlərə təsir etməsin, çünki təmir müddətində benzin istehsalı azalır. “Aİ-98″ super markalı benzin isə ölkədə istehsal olunmur və xaricdən gətirilir. Ona görə də onlar gömrük rüsumundan azad edilmir”.

“Ötən il də Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təmir işləri aparıldığına görə istehsalın azalmasını, ölkə daxilində tələbatı nəzərə alaraq Azərbaycana gətirilən avtomobil benzinləri gömrük rüsumundan azad edilmişdi ki, qiymətlərdə dəyişiklik olmasın”, – deyə ekspert bildirib.

İqtisadçı-ekspert Fuad İbrahimov da Sputnik Azərbaycan-a deyib ki, bu addımın qiymətlərə təsiri gözlənilmir: “Bu qərar Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təmir işləri ilə bağlı ola bilər.

Bu zaman idxal zərurəti yaranır. Qiymətlərdə dəyişiklik olmasın deyə ölkəyə gətirilən benzin müvəqqəti gömrük rüsumundan azad edilir. Bu cür mexanizmlər müxtəlif ölkələrdə tətbiq edilir, yəni dünya təcrübəsində var. Bu, qiyməti tənzimləmək üçün bir mexanizmdir, alətdir”.

Xatırladaq ki, ötən il də Aİ-92 markalı benzinin idxalı müvəqqəti olaraq gömrük rüsumundan azad edilib. Nazirlər Kabinetinin digər qərarı ilə Aİ-92 markalı benzinin idxalına görə aksiz dərəcəsi bir ton üçün 200 manatdan bir manatadək azalıb. Bu qərar 2018-ci ilin 1 oktyabrından tətbiq edilib və 90 gün müddətində qüvvədə olub. Ötən il Nazirlər Kabinetinin qərarları Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda işlərin planlaşdırılmış profilaktika işlərinə görə müvəqqəti dayandırılması ilə bağlı olub. Buna görə də benzin müəyyən həcmdə xaricdən idxal olunub.

https://sputnik.az/economy/20190828/421577018/benzinin-idxal-gomruk-rusumundan-azad-edilmesi-qiymete-tesir-edecekmi.html