Sumqayıt Məktəblilərinin Ekoloji Düşərgəsi – 3” adlı layihə yekunlaşıb

“Sağlam Düşüncə” Gənclər Təşkilatının təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Azərbaycan Skautlar Assosiyasınınn tərəfdaşlığı ilə keçirilən “Sumqayıt məktəblilərinin Ekoloji Düşərgəsi – 3” adlı layihə sona çatıb.

Trend-in məlumatına görə, 30 avqust – 3 sentyabr 2019-cu il tarixlәrini әhatə edәn ekoloji layihә hər gün ayrı-ayrı günlük tәdris proqramı ilә təbiətimizin gözəl guşələrindən biri olan Qusar rayonunda təşkil edilib.

Layihənin məqsədi Sumqayıt məktəbliləri arasında ekoloji maarifləndirmənin artırılması, onlar arasında ekoloji məsuliyyətin formalaşdırılması və onların potensialından istifadə edərək ətraf mühitin mühafizəsi istiqamətlərində fəaliyyətlər təşkil etmək olmuşdur. Layihədə iştirak etmək üçün müraciət edən məktəblilərin hər biri ilə fərdi görüşlər keçirilmiş, iştirak haqqı qazanmış şagirdlər layihə komandası tərəfindən seçilmişdir. Açıq hava şəraitində təşkil edilən düşərgədə Sumqayıt şəhərində fəaliyyət göstərən 10 orta təhsil müəssisəsindən 35 məktəbli iştirak etmişdir. Layihə müddətində Xəyalə Samoylova tərəfindən keçirilən yoga və meditasiya dərsləri, peşəkar təlimçi Anar Məmmədov tərəfindən şagirdlərə komanda quruculuğunun aşılanması, fövqəladə hallar zamanı ilk yardım hallarının öyrədilməsi və digər məlumatlar məktəblilər arasında ümumi biliyin artırılmasında əhəmiyyətli rol oynamışdır. Ekoloji düşərgəyə cəlb edilmiş məktəblilər həmyaşıddan-həmyaşıda metodologiyası vasitəsi ilə öyrəndiklərini yoldaşlarına ötürməklə daha böyük auditoriyanın faydalanmasına şərait yaradacaqdır.

Qeyd edək ki, bundan əvvəlki düşərgələrdə iştirak etmiş şagirlərin təşəbbüsü ilə artıq Sumqayıt şəhərinin 10 orta məktəbində ekoloji klub yaradılmışdır. Bu layihədə isə 2019-2020 tədris ili üçün şagirdlərlə birlikdə yeni fəaliyyət planı müzakirə olunmuşdur. Layihədə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün hazırlanmış həmyaşıddan-həmyaşıda əsaslı ekoloji maarifləndirmə proqramı ilə düşərgədə iştirak etmiş məktəblilər təhsil aldıqları Sumqayıt şəhərinin orta təhsil müəssisələrində yaradılmış klublar vasitəsi ilə məktəblərdə ekoloji maarifləndirmə fəaliyyətini genişləndirəcəklər. Klubların fəaliyyətinə beynəlxalq könüllülər də cəlb ediləcək və məktəblilərin ekoloji maariflənməsini və ictimai fəallığını artırmaq üçün fəaliyyət planı hazırlanacaqdır.