Sumqayıt Texnologiyalar Parkı sizi “BakuBuild 2018” İnşaat Sərgisindəki stendini ziyarət etməyə dəvət edir

23 oktyabr tarixində keçirilən inşaat, layihələndirmə və memarlıq sahəsində regionun ən cəlbedici tədbirlərindən olan “BakuBuild Azerbaijan 2018” Beynəlxalq İnşaat Sərgisində Sumqayıt Texnologiyalar Parkı (STP) da iştirak edir.

STP-dən Trend-ə verilən məlumata görə, 26 oktyabr tarixinə qədər davam edəcək sərgi İqtisadiyyat Nazirliyi, Mənzil İnşaatı Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Memarlar İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və ilk dəfə olaraq Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstəklənir.

Sumqayıt Texnologiyalar Parkı “Made in Azerbaijan” brendi altında istehsal etdiyi inşaat materiallarını, o cümlədən müxtəlif çeşidli kabellər, kabel kanalları, plastik borular, fitinqlər, sendviç panellər, PVC, alüminium profillər, polikarbonat lövhələr, armatur və digər məhsullarını sərgidə nümayiş etdirəcək. Siz STP-nin А2210 saylı stendini ziyarət etməklə məhsul nümunələri ilə əyani şəkildə tanış ola, texnoparkın ümumi fəaliyyəti, məhsulları və istehsal prosesləri barəsində geniş məlumat əldə edə və təqdimat materiallarını götürə bilərsiniz.

İnşaat sektorunda fəaliyyət göstərən xarici və yerli şirkətlərin nümayəndələri olaraq siz “BakuBuild Azerbaijan 2018” sərgisinin keçiriləcəyi günlərdə STP stendinə yaxınlaşmaqla STP əməkdaşları ilə fərdi görüşlər keçirə, satış, tərəfdaşlıq və ya digər biznes əməkdaşlığı qurmaq məqsədiniz barəsində ilkin danışıqlar apara ilə bilərsiniz.

2009-cu ilin 22 dekabrında istismara verilən Sumqayıt Texnologiyalar Parkı müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Regionda ən böyük kabel və polimer istehsalçısı olan STP kabel və polimer məhsulları tikinti sektorunun bir çox istiqamətlərində əvəzsiz paya sahibdir. Zavodun 28 min çeşiddə kabel istehsal etmək imkanları var. Bu çeşidlərə 500 kV-a qədər gərginlik səviyyəsi olan alçaq, orta, yüksək və ifrat yüksək güc naqilləri, stasionar və qeyri-stasionar qoyuluşlu, idarəetmə, XLPE, gəmi, neft quyularında tətbiq olunan zirehli, müxtəlif növlü optik telefon, LAN, koaksial yüksək temperatura davamlı, qalayla örtülü damarlı torpaqlama kabellər də daxildir.

STP-nin Elektrik Avadanlıqları zavodunda istehsal olunan partlayışa davamlı birləşdirici qutular, elektrik yuvaları və panelləri, Qaynaq Quraşdırma Zavodunda istehsal olunan beynəlxalq standartlara uyğun ağır və yüngül metal konstruskiyalar, mülki və sənaye kranları da inşaat sektoru üçün əvəzsiz məhsullar hesab edilir. Texnoparkın istehsal etdiyi məhsullar sadalananlarla bitmir. Məhsullarımız barəsində daha ətraflı məlumat almaq üçün sərgi zamanı STP-nin stendinə yaxınlaşa bilərsiniz.

Regionda nadir layihə olan STP, daxili bazarın tələbatını tam ödəməklə yanaşı həm də xarici bazara kifayət qədər məhsullar ixrac etmək qabiliyyətinə malikdir. 2017-ci ildə STP Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu əldə edib. Hazırda şirkətin ərazisində Avropa və Yaponiya istehsalı ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş 12 zavod, 30-dan artıq istehsal sahəsi fəaliyyət göstərir. İstehsal prosesində istifadə olunan xammallar beynəlxalq standartlara tam cavab verir.

Texnoparkın bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standartlarına uyğun akkreditə edilib. İstehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları mövcuddur. STP-də ISO 9001, ISO 14001 və OHSAS 18001 beynəlxalq standartları da tətbiq olunur.