Sürix gimnaziyasında məktəblilərə Azərbaycan mədəniyyəti təqdim olunub

Azərbaycannın İsveçrədəki səfirliyindən aldığımız məlumata əsasən, İsveçrədə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Qasım Nəsirov Sürix şəhərinin gimnaziyasinda 160 məktəbliyə müəllifi olduğu mədəniyyət və intenqrasiya layihəsini növbəti dəfə təqdim edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində rəqs seminarları şagirdlərə təqdim edilib və bu seminarlardan biri Azərbaycan rəqsqlərinə həsr olunub.

Azərbaycan rəqslərinə həsr olunmuş seminarda 2018-ci ildən etibarən İsveçrədə fəaliyyət göstərən Qarabağ Azərbaycan məktəbinin rəqs müəllimi Gülnarə Axundovanın məktəblilər ilə təşkil etdiyi rəqslər şagirdlər tərəfindən çox maraqla qarşılanıb. Gün ərzində 160-dan artıq 15-16 yaşlı şagirdə Azərbaycan rəqsləri öyrədilib.

Qasım Nəsirov bildirib ki, bu layihə bütün İsveçrə məktəblərində ildə ən azı 10 dəfə həyata keçirilib. Bir çox dövlət idarələri tərəfindən maliyyə dəstəyi ilə reallaşan layihə artıq üçüncü ildir ki, həyata keçirilir. Layihənin məqsədi məktəbliləri İsveçrədə yaşayan xalqların mədəniyyəti ilə tanış etməkdən ibarətdir. Bu vasitə ilə Azərbaycanın gözəl rəqsləri və mədəniyyəti təbliğ olunur. Bu layihənin cari ildə və həmçinin növbəti ildə də bir çox məktəblərdə keçirilməsi nəzərdə tutulub.