TAP Avropada enerjinin ekoloji cəhətdən daha təmiz mənbələrə keçməsinə şərait yaradacaq

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) qitədəki enerjinin ekoloji cəhətdən daha təmiz mənbələrə keçməsinə şərait yaradacaq.

Bu barədə Trend-ə TAP-ın səhmdarlarından biri olan İspaniyanın “Enagas” şirkəti məlumat verib.

Bildirilib ki, “Enagas” TAP layihəsində 16% paya sahibdir:

“Enagas üçün TAP çox vacib bir layihədir, çünki bu, Avropanın ən vacib qaz dəhlizidir. TAP Avropada enerji təhlükəsizliyi və şaxələndirməyə töhfə verəcək. Bu, Xəzər dənizindən Cənub-Şərqi Avropaya sərfəli və səmərəli nəqliyyat marşrutudur”.

Şirkətdən qeyd ediblər ki, TAP Avropada enerji keçidini, kömür kimi enerji qaynaqlarının təbii qazla əvəzlənməsini asanlaşdıran əsas layihədir.

TAP, həmçinin keçdiyi ölkələrə xarici sərmayələrin cəlb olunmasına kömək edir.

Xatırladaq ki, dəyəri 4,5 milyard avro təşkil edən TAP “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsidir. TAP-ın başlanğıc gücü ildə 10 milyard kubmetr təşkil edəcək və iki dəfə artırılmaq imkanına malik olacaq. TAP-ın tikintisinin 2020-ci ildə başa çatdırılması gözlənilir. Elə həmin il ilk Azərbaycan qazının Avropaya çatdırılması da nəzərdə tutulur. Boru kəmərinin uzunluğu 878 kilometrdir, onun 550 kilometri Yunanıstanın, 215 kilometri Albaniyanın, 105 kilometri Adriatik dənizinin dibindən, 8 kilometri isə İtaliyanın ərazisindən keçəcək.

TAP-ın səhmdarları BP (20%), SOCAR (20%), Snam (20%), Fluxys (19%) Enagaz(16) və Axpo (5%) şirkətləridir.