“TransCaspian 2019” və “Road & Traffic 2019” sərgilərinin açılışı olub

Bu gün Bakı Ekspo Mərkəzində 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian 2019” və 9-cu Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic 2019” sərgilərinin açılışı olub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 13-nə qədər davam edəcək tədbirlərin açılışı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin iştirakı ilə baş tutub.

Sərgi iştirakçılarını salamlayan nazir bildirib ki, son illər Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və dəstəyi ilə nəqliyyat sahəsində nəhəng regional layihələr həyata keçirilir.

Bu layihələr nəqliyyat sektorunun inkişafına, ölkəmizin tranzit potensialının güclənməsinə, nəqliyyat təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Aparılan bu siyasətin əsasını idarəetmənin təkmilləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, sağlam rəqabət mühitinin formalaşması təşkil edir.

R.Quluzadə qeyd edib ki, ölkəmizdə müasir və funksional nəqliyyat sisteminin yaradılması istiqamətində görülən bütün işlər, ölkə başçısının müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan – 2020: inkişaf konsepsiyası”, “Logistika və Ticarətin İnkişafı üzrə Strateji Yol Xəritəsi” və qəbul olunmuş digər Dövlət proqramlarına uyğun olaraq həyata keçirilir.

Çıxışı zamanı nazir vurğulayıb ki, son illər ərzində ölkəmizdə qeyri-neft sektorunun inkişafına, o cümlədən nəqliyyat sahəsində görülən işlərin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir. Azərbaycanda innovativ texnologiyalara əsaslanan dayanıqlı nəqliyyat sistemi formalaşdırılır. Bu məqsədlə adıçəkilən sahədə zəruri islahatlar aparılır, idarəetmə təkmilləşdirilir.

Sonra nazir R.Quluzadə stendlərlə tanış olub.

Sərgilərdə yerli startaplara xüsusi diqqət yetirilib. Tədbir çərçivəsində “Yoldaş”, “Səyyar biznes avtomobilləri”, “Your Trade Way”, “Thermonorth”, “Cardoctor”, “Yolget”, “HotelRace” və “Velokuryer” startapları təqdim olunur.

Dövlət Dəniz Agentliyi də sərgidə öz stendi ilə iştirak edir. Stenddə agentliyin fəaliyyətini özündə əks etdirən məqamlar qeyd olunub.

Tədbir çərçivəsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) fəaliyyətinə dair “Avtomobil Nəqliyyatı ilə daşımalarda yeni mərhələ” mövzusunda proqnoz layihə sərgi iştirakçılarına təqdim edilib.