Türkiyənin düşmənləri Türkiyənin regionda nüfuzunun artmasndan və üçlük alyansı – Bakı, Moskva və Ankaranın yaradılmasından qorxurlar

Təəssüflər olsun ki, son iki ayda biz qardaş Türkiyədən ancaq kədərli xəbərlər alırıq. Rusiya ilə Türkiyə arasında yeddi ay davam edən gərginlik, nəhayət ki, Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın barışması ilə nəticələndi. Biz buna təzəcə sevinməyə başlamışdıq ki, Atatürk adına İstanbul hava limanının qarşısında dəhşətli terror aktlarının  törədilməsi xəbərini aldıq. Sonradan dalbadal baş verən digər dramatik hadisələr Türkiyədə ağır nəticələrə gətirib çıxartdı.

Rusiya-Türkiyə münasibətlərinin normallaşdırılmasından iki həftə sonra, iyulun 15-də Türkiyədə baş verən qanlı dövlət çevrilişi cəhdi  yüzlərlə günahsız türkün həyatına son qoydu və Türkiyə iqtisadiyyatına çoxmilyardlı ziyanlar vurdu. Əgər dövlət çevrilişinin təşkilatçıları və sifarişçilərinin niyyəti baş tutsaydı, onda Türkiyə, sözün əsl mənasında,  öz siyasi suverenliyini itirə bilərdi. Çünki, dövlət çevrilişi uğurla nəticələnərsə, o halda,  Türkiyə ərazisinə xarici qoşunlar daxil olmalı idi.

Qonşu Suriyada qanlı hadisələrin törədilməsi, Türkiyənin hərbi və iqtisadi qüdrətini zəiflətmək məqsədi ilə əvvəlcədən düşünülmüş plan idi. Çünki Suriyada vətəndaş müharibəsi səbəbindən Türkiyə ərazisinə üç milyondan artıq suriyalı qaçqın axışmağa başladı.  Türkiyə hökuməti onların saxlanilması üçün təxminən 10 mlrd. dollar xərcləmək məcburiyyətində qaldı. Bu ilin martında Ankara və Brüssel arasında uzun sürən danışıqlar, nəhayət ki, Türkiyənin xeyrinə bitdi. Avropa İttifaqı Birliyi suriyalı qaçqınların axını problemini birgə həll etmək razılığına gəldilər. Suriyalı qaçqınların saxlanması üçün Türkiyə hökumətinin xərclədiyi vəsaitin kompensasiya edilməsi məqsədi ilə, Avropa İttifaqı ölkələri Türkiyəyə 3 milyard avro ayırmağı vəd etdi. Lakin, bu razılaşmadan altı ay keçməsinə baxmayaraq, Ankara indiyədək Avropa İttifaqından vəd edilən maliyyə yardımını almayıb. Bununla yanaşı, Suriyada gedən vətəndaş müharibəsi qonşu Türkiyənin təhlükəsizliynə, ictimai-siyasi vəziyyətin sabitliyinə mənfi təsir göstərir. Türkiyə ərazisində terror aktlarının artması bunu  bir daha sübut edir. Bu terror aktlarının məqsədi – Türkiyədə hərbi-siyasi və iqtisadi vəziyyəti pozmaq, Türkiyə iqtisadiyyatına milyonlarla vəsait qoyan investorları qorxutmaq, hər il türk kurortlarında istirahət edən minlərlə avropalı və rusiyalı turistlərin qarşısını almaqdır.

Təəssüf ki, Türkiyənin düşmənləri öz məqsədlərinə, qismən də olsa, nail ola bildilər. Müntəzəm olaraq qonşu Suriyadan Türkiyə ərazisinə hücum edən terrorçuların  və silahlı kürd separatçılarının qarşısını almaq və onları məhv etmək məqsədi ilə Türkiyə öz qoşunlarını Suriyaya yeritmək məcburiyyətində qaldı. Sentyabrın 5-də, bazar ertəsi Türkiyənin “Milliyət” qəzetinin verdiyi xəbərə görə, ölkənin cənub-şərqində yerləşən Hakkari vilayətində türk hərbçiləri ilə Kürd ekstremist İşçi partiyasının yaraqlıları arasında atışma baş vermişdir. Atışma nəticəsində iki türk hərbçisi həlak omuşdur. Məlumatda o da bildirilir ki, hazırda hadisə yerinə əlavə türk hərbçi dəstələri cəlb olunur. Beləliklə, Ankara Suriya ərazisində olan silahlı dini radikallarla və kürd separatçıları ilə mübarizə aparmaq üçün böyük vəsait xərcləmək məcburiyyətindədir. Belə vəziyyət Türkiyə hökumətinin ölkə iqtisadiyyatının inkişafı üçün sərmayə yatırmaq imkanlarını azaldır və dünya iqtisadi böhranının nəticələri ilə mübarizəni uğurla aparmağa maneçilik törədir.

Əgər biz həm Türkiyənin daxilində, həm də Yaxın Şərqin qonşu ölkələrində baş verən hadisələri diqqətlə təhlil etsək, görərik ki, Türkiyəyə qarşı edilən hücumlarda Fars Körfəzi və Qərbin bəzi ölkələrinin xüsusi xidmət orqanlarının dəsti-xətti aydın görünür. Bütün bunlar Türkiyənin beynəlxalq arenada, Yaxın Şərq regionunda və Cənubi Qafqazda artan təsirini zəiflətmək məqsədi güdür.

Ankaranın Qərbin hərbi-siyasi təsir dairəsindən çıxmaq, tam müstəqil regional dövlət olmaq  istəyi bir çox Qərb ölkələrini, ilk növbədə ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanı çox qorxudur. Türkiyə bu istəyini reallaşdırarsa, onda Vaşinqtonu Ankaraya öz şərtlərini diktə etmək imkanından tam məhrum edir. Ona görə də, Türkiyə təsirinin güclənməsinin qarşısını almaq üçün, Türkiyədə dövlət çevrilişi və terror aktları törədilir.

Qərbin Geosiyasi mərkəzlərini daha çox Rusiya ilə Türkiyənin “həddən artıq” yaxınlaşması qorxudur. Türkiyənin antirusiya sanksiyalarını dəstəkləməməsi Qərb ölkələrinin xoşuna gəlmədi. Üstəlik, Qərb və Rusiya arasında başlanan iqtisadi sanksiyalar nəticəsində Rusiya istehlak bazarının boş qalmış  yerlərini Ankara doldurmağa çalışırdı. Rusiya əleyhinə Qərbin sanksiyaları zamanı Moskva və Ankara rəhbərləri strateji tərəfdaşlıq, birgə münasibətlərin inkaşafından danışır, energetika sahəsində  əlaqə və əməkdaşlıqları genişləndirmək təklifi ilə çıxış edirdilər. Vaşinqton və Avropa İttifaqı Birliyini hiddətləndirən o oldu ki, Brüssel tərəfindən bağlanan Rusiyanın “Cənub axını” qaz layihəsinin əvəzinə, Rusiya və Türkiyə prezidentləri “Türk axını” alternativ qaz kəməri tikmək barədə razılığa gəldilər. “Türk axını” layihəsinin icrası Ankaranın mövqelərini Avropanın enerji bazarında gücləndirə bilər, bu isə, öz növbəsində, Avropa ölkələrinin Rusiya qazından asılılığını daha da artıra bilərdi. Amma, Qərb liderlərinin qısqanclıq və etirazlarına baxmayaraq, qeyd etmək lazımdır ki, Türkiyənin iştirakı ilə həyata keçirilən bütün enerji layihələri, ilk növbədə, iqtisadi cəhətdən məhz Ankaranın özü üçün çox sərfəlidir.

Bəzi Qərb ölkələrinin Türkiyə ilə bağlı mülahizələrindən belə çıxır ki, Ankara regional layihələrin həyata keçirilməsində öz milli maraqlarından deyil, əksinə, və ilk növbədə, Vaşinqton və Brüsselin geosiyasi maraqlarını müdafiə etməli, onları nəzərə alaraq, hərəkət etməlidir. Halbuki, Avropa Birliyi xristian dövlətlərinin geosiyasi klubu  olaraq, uzun illərdir ki, Türkiyə üçün qapılarını bağlayır.

Ankara və Moskva arasında strateji münasibətlər istiqamətində aparılan danışıqlar, Türkiyə, Rusiya və Azərbaycanın iştirakı ilə üçlük alyansının yaradılması imkanı barədə söhbətlər ABŞ və Avropa İttifaqı Birliyini dəhşətə gətirir. Belə olan halda Avrasiya məkanının böyük ərazisi Qərbin nəzarəti altından birdəfəlik çıxa bilər. Ona görə də, Rusiya və Türkiyənin mövqelərini zəiflətmək istəyən qüvvələr, bu ölkələri hər vasitə ilə dalaşdırmağa çalışırlar. İyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişi cəhdinin mükəmməl araşdırılması zamanı məlum oldu ki, ötən ilin noyabrında vurulan Rusiyanın Су-24 bombardmançı təyyarəsi məhz Rusiya-Türkiyə münasibətlərini pisləşdirmək məqsədi ilə edilib.

Qeyd etmək lazımdır ki, Rusiya-Türkiyə münasibətlərini korlamaq istəyən qüvvələr, müəyyən dərəcədə, öz istəklərinə nail ola bilmişlər: Türkiyənin hərbçiləri tərəfindən vurulmuş Rusiyanın Су-24 bombardmançı təyyarəsindən sonra Moskva Türkiyəyə qarşı iqtisadi-ticarət sanksiyaları tətbiq etdi. Rusiyalı turistlərin axınının azalması səbəbindən Türkiyənin turizm biznesinin itkilərini nəzərə almasaq, Türkiyənin bu sanksiyalardan iqtisadi zərəri 10 mlrd. dollar təşkil etdi.

Rusiya-Türkiyə münasibətlərinin pisləşməsi Azərbaycana da böyük zərbə vurdu, çünki, həm Türkiyə, həm Rusiya bizim ölkəmiz üçün çox mühüm strateji müttəfiq və tərəfdaşlardır.

Moskva ilə Ankaranın münaqişəsi təkcə Azərbaycanın dövlət maraqlarına deyil, eyni zamanda, Türkiyə və Rusiya ərazilərində bizneslə məşğul olan soydaşlarımızın cibinə də bərk zərbə vurdu. Siz özünüz yaxşı bilirsiniz ki, yeddi ay ərzində Rusiya-Türkiyə münasibətlərinin pisləşməsi nəticəsində, türk mallarının Rusiyada ticarəti ilə məşğul olan xeyli sayda həmvətənlərimiz müflisləşərək,  fəaliyyətlərini dayandırmalı oldular.

Mən əminəm ki, Rusiya və Türkiyə arasında mehriban qonşuluq münasibətləri doğma Azərbaycanın dövlət maraqlarına, eyni zamanda, Türkiyə və Rusiyada  ticarət əlaqələri olan Azərbaycan iş adamlarının da maraqlarına cavab verir. Çünki, Moskva və Ankara arasında olan mehriban münasibətlər, hər iki ölkədə bizneslə məşğul olan həmvətənlərimizə öz işlərini sərbəst aparmaq imkanı qazandırır. Əgər Rusiya və Türkiyə arasında münasibətlər pisləşərsə, Azərbaycan iş adamları böyük problemlərlə üzləşər. İki dövlət arasında yaranan  pis münasibətlərin qurbanı olmamaq üçün, onlar hansı ölkədə biznesi dayandırmaq, hansında davam etdirmək seçimi qarşısında qalarlar.

Hər bir diasporanın həyatı, müəyyən dərəcədə, bizneslə bağlıdır. Məhz güclü və nüfuzlu diaspora ölkələr arasında dostluq və əməkdaşlıq körpüləri yaradır. Ona görə də, ölkələrimiz arasında münasibətlərin pisləşməsi, ilk növbədə, bu “körpülər”in dağılmasına və bizim diasporanın əziyyət çəkməsinə gətirib çıxarır.

Xoşbəxtlikdən Azərbaycanda, Türkiyədə və Rusiyada hakimiyyət ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsi və münasibətlərin yaxşılaşdırılmasını istəyən qüvvələrin əlindədir. Bu amil  Rusiya və Türkiyədə azərbaycan diasporasının fəaliyyəti üçün əlverişli şərait yaradır. Ona görə də, biz – Azərbaycan diasporasının nümayəndələri, Rusiya və Türkiyədə Azərbaycanı ləyaqətlə təmsil etməli, ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün əlimizdən gələni əsirgəməməliyik.

Fizuli Məmməd oğlu Məmmədov
Beynəlxalq ictimai birliklər ittifaqı “Dünya Azərbaycanlıları İttifaqı” nın prezidenti,
”Ümumdünya Azərbaycan Mədəniyyət Fondu” Beynəlxalq İctimai Fondunun Əlaqələndirmə Şurasının sədri