Ürək xəstələrinin 70 faizindən çoxunda şəkərli diabetə rast gəlinir

Elmi Tədqiqat Kardiologiya İnstitutuna müraciət edən ürək xəstələrinin 70 faizindən çoxunda şəkərli diabetə rast gəlinir.

Trend-in məlumatına görə, bunu institutun direktoru Gülnaz Dadaşova “Ürəyimizi şəkərli diabetdən necə qoruyaq” mövzusunda keçirilən elmi-praktik konfransda deyib.

Mütəxəssisin sözlərinə görə, şəkərli diabet ürək xəstəliklərinin yaranması, eləcə də ağırlaşması üçün ən əsas risk faktorlarından biridir: “Xəstələrimizin 70 faizindən çoxunda şəkərli diabetə rast gəlinir. Şəkərli diabetə görə endokrinoloq müalicəsi alan xəstələrin yarısından çoxunda ürək patologiyalarına rast gəlinir. Şəkərli diabet və onun ürəyə təsiri dünya səhiyyəsini narahat edən problemlərdəndir. Bu problemlə yalnız kardioloqlar, endokrinoloqlar məşğul olmalı deyil. Bu problemin həlli ilə oftalmoloqla, nefroloqla, dietoloqla birgə məşğul olmalıyıq”.

G.Dadaşova əlavə edib ki, şəkərli diabeti olan 3 nəfərdən 2-si ürək xəstəlikləri və insultdan dünyasını dəyişir.

İnstitut direktoru qeyd edib ki, şəkərli diabetdən əziyyət çəkən xəstələrdə ürək tutmaları və insult riski digər insanlarla müqayisədə 2 dəfə çoxdur: “Biz şəkərli diabet dedikdə ürək xəstəliyi riskini düşünməliyik. Yüksək şəkər, qanda xolesterinin artması ürəyə gələn qanın azalmasına, sonda da ürək xəstəliyinin yaranmasına səbəb olur”.

G.Dadaşova bildirib ki, siqaret də şəkərli diabet olan insanlarda ürək xəstəlikləri riskini 2 dəfə artırır.