XİN: Çindən təxliyə olunan Azərbaycan vətəndaşlarının sağlamlıq durumu qənaətbəxşdir

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iradəsinə, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələrinin ruhuna uyğun olaraq, Türkiyəyə məxsus təyyarə ilə bu il fevralın 1-də Azərbaycan vətəndaşları Türkiyə vətəndaşları ilə birlikdə Çin Xalq Respublikasının Uxan şəhərindən təxliyə ediliblər.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, təyyarənin bu gün axşam saatlarında Türkiyə ərazisinə enməsi gözlənilir.

Bununla əlaqədar olaraq qardaş Türkiyə Respublikasına təşəkkürümüzü bildiririk. Bu, Azərbaycan və Türkiyə qardaşlığının növbəti bariz nümunəsidir.

Uçuşdan öncə təxliyə olan vətəndaşlarımız həkim müayinəsindən keçiblər, onların sağlamlıq durumu qənaətbəxşdir. Vətəndaşlarımız könüllü əsasda 2 həftəlik müddətdə Türkiyə ərazisində karantin vəziyyətində saxlanılacaq, daha sonra Azərbaycana qayıdacaqlar.

Vətəndaşlarımıza göstərdikləri dəstəyə görə, həmçinin Çin Xalq Respublikası Hökumətinə də təşəkkürümüzü bildirir, bu müvəqqəti çətin günlərdə dost Çin xalqı və dövləti ilə həmrəylimizi ifadə edirik.